Oktyabrın 10-da  Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini  (birinci oxunuş) təqdim edib. Komitə sədri, əvvəlcə daxili qoşunların hərbi qulluqçularının Birinci Qarabağ Müharibəsində və 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına vuruşduğunu diqqətə çatdırıb.

Qanun layihəsi barədə məlumat verən Arzu Nağıyev bildirib ki, hal-hazırda ölkəmizin daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş “Daxili qoşunların statusu haqqında” Qanunla tənzimlənir. Təklif olunan yeni qanun layihəsində daxili qoşunların funksiyaları və səlahiyyətləri daha da təkmilləşdirilərək müasir təhlükəsizlik çağırışlarına uyğunlaşdırılıb. Nəzərə çatdırılıb ki, qanun layihəsi preambula, 6 fəsil və 30 maddədən ibarətdir.

Layihənin preambulasında qeyd olunur ki, qanun layihəsi Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Layihənin 1-ci fəsli ümumi müddəalara həsr olunub və bu fəsildə əsas anlayışlar, daxili qoşunlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, daxili qoşunların əsas prinsipləri, fəaliyyət istiqamətləri və daxili qoşunların tərkibi haqqında normalar öz əksini tapıb. Burada konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə, fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsində, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında, Azərbaycan Respublikası ərazisinin müdafiəsində, aidiyyəti dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək daxili qoşunların fəaliyyət istiqamətləri olaraq göstərilir.

“Daxili qoşunların fəaliyyətinin təmin edilməsi” adlı 2-ci fəsildə daxili qoşunların fəaliyyəti ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın səlahiyyətləri və daxili qoşunların fəaliyyətinin təmin edilməsi tədbirləri nəzərdə tutulur.

“Daxili qoşunların idarə olunması və təminatlar” adlı 3-cü fəsildə isə daxili qoşunların komandanının səlahiyyətləri, maliyyə və maddi-texniki təminatı, hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyi təminatları barədə müddəalar öz əksini tapıb.

4-cü fəsil daxili qoşunlarda xidmət qaydalarına həsr olunur. Bu fəsildə daxili qoşunların hüquq və vəzifələri, onların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması, nəqliyyat vasitələrinə, ərazilərə, yaşayış yerlərinə, binalara və digər tikililərə daxil olunması, ərazilərin, yaşayış yerlərinin, binaların və digər tikililərin dövrələnməsi halları ayrı-ayrı maddələrdə təsbit olunur.

5-ci fəsildə fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtlərinə dair müddəalar yer alıb.

6-cı fəsildə yekun müddəalar, o cümlədən daxili qoşunların şəxsi heyətinin məsuliyyəti, daxili qoşunların fəaliyyətinə nəzarət, Qanunun qüvvəyə minməsi barədə müddəalar yer alır. Daxili qoşunların fəaliyyətinə ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın  rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, bu Qanunun qüvvəyə mindiyi gündən “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 781 nömrəli Qanununun ləğv edilməsi təklif edilir.

Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Əli Hüseynli, deputat  Bəhruz Məhərrəmov fikirlərini və bəzi qeydlərini açıqladıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Fasilədən sonra iclas öz işini davam etdirib.


media-728x90banner

Bənzər xəbərlər