Komitə sədri Arzu Nağıyev iclasda təqdim etdiyi bu qanunda dəyişikliklər qəbul olundu
Oktyabrın 17-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri qeyd edib ki, qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi, gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir. Həmçinin “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Bununla yanaşı, sənəddə Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün təhsil müəssisələrində hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə daha səmərəli töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsinə şərait yaratmaq, həmçinin ölkəmizin müdafiəsində zabitlərin uzunmüddətli xidmətini təmin etməklə peşəkar kadr potensialını möhkəmləndirmək məqsədilə zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (əsas (baza ali tibb) təhsili) təhsili müddətinin də öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməməsi təsbit olunur.
Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni müddətin – “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddətində sərəncamda olmasının əlavə edilməsi təklif edilir.
Dəyişikliklərə əsasən, habelə gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə göstərilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması müəyyən edilir. Layihədə, həmçinin birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təsbit edilir. Sənəddə bir sıra texniki xarakterli dəyişikliklər də nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.