Komitə sədri Arzu Nağıyevin təqdim etdiyi qanun layihəsi birinci oxunuşda qəbul olundu
Aprelin 10-da Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı nəzərə çatdırıb.
O, minatəmizləmə fəaliyyətinin müasir dövrdə həm humanitar, həm də milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını, işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastrukturun yenidən qurulmasının məhz bu fəaliyyətin nəticəsində mümkün olduğunu vurğulayıb. Qeyd edib ki, minatəmizləmə zamanı həlak olan şəxslərə dövlət qayğısı sosial siyasətin bir istiqaməti olması ilə yanaşı, eyni zamanda, mənəvi borc, milli məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Onların ailələrinin sosial müdafiəsi, təminatı və diqqət mərkəzində saxlanılması dövlətin humanitar siyasətinin əsas prioritetlərindəndir.
Komitə sədri diqqətə çatdırıb ki, layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, “Təhsil haqqında” Qanununa təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.
Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunur.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə barədə bu komitənin rəyini bildirib. O, sənəddə Vergi Məcəlləsinə təklif edilən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi yükünün azaldılması ilə bağlı dəyişikliklərin vacibliyini qeyd edib. Komitə sədri diqqətə çatdırıb ki, gəlir vergisi üzrə güzəştə malik olan şəxslərin sirasına Vətən müharibəsi qəhrəmanları, Milli Qəhrəmanlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin ailə üzvləri, “Müharibə veteranı” adı almış şəxslər və digərləri daxildir.
Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məsələ barədə bu komitənin rəyini açıqlayaraq, layihədə “Təhsil haqqında” Qanuna təklif olunan dəyişiklik barədə danışıb. O, qeyd edib ki, qanuna əlavə edilməsi təklif olunan 14.8-1.10-cu maddəyə əsasən, dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Azər Allahverənov və Nigar Məmmədova öz fikirlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.










