“Kondisionerlər iyunun 1-dən qoşulacaq” – Direktor
Son günlər havalar isti keçsə də, ictimai nəqliyyatda kondisionerlər işləmir.
Sıxlıq, isti və havasızlıq sərnişinlərin narazılığına səbəb olur. Onlar kondisionerin qoşulmasını tələb etsələr də, marşrut sürücüləri buna icazə verilmədiyini bildirirlər.
Məsələ ilə bağlı paytaxtda sərnişindaşıma xidməti göstərən “BakuBus” MMC-nin direktoru Elnur Qarayevlə əlaqə saxladıq.
O, yalnız temperatur çox yüksək olduqda kondisionerləri işlətdiklərini bildirdi.
Elnur Qarayevin sözlərinə görə, temperatur 25-26 dərəcəni keçərsə, sərnişinlərin istəyi ilə sürücü kondisioneri qoşa bilər:
“Sərnişindaşımada yay və qış rejimi var. Hazırda havalar dəyişkən keçir, bir gün isti olur, bir gün sərin. Bizdə kondisionerlər həmişə iyunun 1-dən etibarən qoşulur. Həm də hələlik 30-35 dərəcə isti yoxdur. Bu gündən “BakuBus”un avtobuslarında kondisionerlərə tam baxış keçirilir. Əgər hava 25-26 dərəcəni keçirsə, sürücülərə kondisionerləri qoşmağa icazə verilir”.
“BakuBus”un direktoru qeyd edib ki, hər il sərnişinlərlə kondisioner məsələsinə görə problem yaşanır:
“Bu məsələ ilə bağlı həmişə problem yaşanır. Kondisioneri qoşan kimi bəzi sərnişinlər sürücülərlə münaqişə yaratmağa başlayırlar. Deyirlər ki, çöldə hava istidi, içəridə soyuq. Avtobusda uşaq və yaşlılar olur. Deyirlər ki, tərli vəziyyətdə kondisioner bizi xəstələndirir. Bir sözlə, biri deyir, qoş, biri deyir, qoşma. Ona görə də bir qayda olaraq kondisionerlər iyunun 1-dən qoşulur. Sərnişinlər də buna etiraz edə bilmir”.
Bakupost.az










