media-1

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə tərəfindən müəllim və doktorantlar üçün “Sufi fenomenologiya” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Aİİ-nin rektoru dosent Aqil Şirinov seminarın institutun elmi fəaliyyət istiqamətləri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, Şərq irfanının müasir fəlsəfi metodlarla yenidən təhlili teoloji və fəlsəfi tədqiqatlar üçün yeni imkanlar yaradır.

Sonra çıxış edən professor Könül Bünyadzadə sufi fenomenologiyanı, müasir dövrün yeni fəlsəfi konsepsiyası, təcrübə və idrakın alternativ fəlsəfəsi kimi təqdim edərək, onun metafizik, ontoloji və epistemoloji aspektləri barədə məlumat verib. O bildirib ki, bu yanaşma çərçivəsində insanın varlığı və həqiqəti dərketmə yolları müasir fəlsəfə ilə klassik sufi irfanının dialoqu kontekstində nəzərdən keçirilir.

Könül Bünyadzadə çıxışında “sufi fenomenologiya” anlayışını klassik Qərb fenomenologiyası ilə sufi irfanı arasında əlaqələndirici yanaşma kimi səciyyələndirib. Onun sözlərinə görə, fenomenologiyanın “təcrübənin daxildən təsviri” prinsipi sufi düşüncəsində qəlb, hal və məqam anlayışları ilə uyğunluq təşkil edir. Bu yanaşmada həqiqət abstrakt nəzəriyyə kimi deyil, yaşanmış mənəvi təcrübə kimi dərk olunur.

Məruzəçi diqqətə çatdırıb ki, sufi fenomenologiyada qəlb yalnız emosional sahə deyil, həm də idrakın subyekti kimi çıxış edir. Bu baxımdan qəlb anlayışı fenomenologiyadakı intentional şüur prinsipinə yaxın olsa da, ondan fərqli olaraq subyektin daxili transformasiyasını da əhatə edir.

Seminar çərçivəsində sufi mətnlərinin, xüsusilə klassik poeziyanın fenomenoloji təhlil imkanları da müzakirə olunub. Bildirilib ki, sufi poeziyası rasional sistem qurmaqdan daha çox yaşanmış təcrübəni ifadə edən xüsusi dil formasıdır. Simvol və metaforalar isə bu təcrübənin konseptual ifadədən kənar qalan tərəflərini əks etdirir.

Tədbirdə Husserl fenomenologiyası ilə sufi fenomenologiya arasında metodoloji müqayisə aparılıb. Qeyd olunub ki, Qərb fenomenologiyasında epoxe və reduksiya metodları idrakın neytrallaşdırılmasına yönəldiyi halda sufi yanaşmada nəfsin təmizlənməsi və mənəvi intizam idrakın kamilləşdirilməsinə xidmət edir.

Sonda iştirakçıların sualları cavablandırılıb, seminar müzakirələrlə davam edib.

media-1 media-2 media-3


media-728x90banner

Bənzər xəbərlər