media-lacin
Laçın Şəhəri Günü
Azərbaycan tarixində xüsusi yeri olan Laçın rayonu əsrlər boyu həm strateji mövqeyi, həm də zəngin təbiəti ilə seçilmişdir. Bu gün isə Laçın özünün yeni intibah dövrünü yaşayır.
1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılması və şəhər statusu alması ilə başlayan yol 1930-cu ildə Laçın rayonunun inzibati ərazi vahidi kimi formalaşması ilə davam etmişdir. Qarlı dağları, zəngin meşələri, geniş yaylaqları ilə seçilən bu diyar Azərbaycan mədəniyyətinin, təsərrüfatının və hərbi-strateji mövqeyinin ayrılmaz hissəsi olub.
Lakin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğalı xalqımıza ağır faciə yaşatdı. Etnik təmizləmə, yüzlərlə insanın həlakı və itkin düşməsi, yüzlərlə mədəniyyət və təhsil ocağının dağıdılması, tarixi abidələrin vandalizmə məruz qalması bu gün də yaddaşımızda dərin izlər buraxıb. Laçının işğalı yalnız bir bölgənin itirilməsi deyildi – bu, Azərbaycan üçün böyük strateji fəlakət idi.
Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanat ölkəmizin tarixi torpaqlarına qayıdışını təmin etdi. 2020-ci ilin 1 dekabrında Laçın rayonu, 2022-ci ilin 26 avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Bu gün həmin tarix – 26 avqust – Laçın şəhəri günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Laçının azadlığı uğrunda vuruşan minlərlə hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin sözləri ilə desək: “Əgər cənnətin təsviri varsa, bu gün bax, budur – Laçın!”
Laçın bu gün sürətlə bərpa edilir:
• Enerji layihələri: 65,5 MVt gücə malik su elektrik stansiyaları, “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” SES-lərin istifadəyə verilməsi bölgəni yaşıl enerji mərkəzinə çevirir.
• Nəqliyyat infrastrukturu: Kəlbəcər–Laçın avtomobil yolu, 23 körpü və 17 tunelin inşası bölgənin strateji əhəmiyyətini daha da artırır.
• Hava limanı: 2025-ci ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Bu, həm strateji, həm də turizm baxımından bölgənin əhəmiyyətini yüksəldir.
• Şəhərsalma: Müasir memarlıqla inşa edilən evlər, məktəblər, xəstəxanalar, parklar və ictimai obyektlər “Böyük Qayıdış” proqramını reallığa çevirir. Artıq yüzlərlə ailə doğma yurduna dönmüş, minlərlə insan yenidən Laçında həyat qurmuşdur.
• İqtisadi layihələr: Aqro-sənaye parkı, mebel fabrikləri, balıqçılıq və heyvandarlıq təsərrüfatları, “Hoçazfilm” studiyası bölgənin iqtisadi potensialını gücləndirir.
• Turizm və istirahət: “Laçın” İstirahət Kompleksi, çaykənarı bulvar, kanat yolu və seyrəngahlar həm yerli sakinlərin, həm də turistlərin rahatlığı üçün yaradılıb.
2025-ci ildə Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilmişdir. Bu status yalnız şəhərin zəngin mədəni irsini deyil, həm də azadlıqdan sonrakı bərpa və dirçəlişin miqyasını bütün dünyaya nümayiş etdirir.
26 avqust – Laçın şəhəri günü yalnız bir tarixi hadisənin xatırlanması deyil, həm də xalqımızın dözümünün, mübarizliyinin və qələbəsinin rəmzidir. Laçın bu gün yenidən dirçəlir, Azərbaycan dövlətçiliyinin gücünü və xalqımızın iradəsini əks etdirən möhtəşəm bir nümunəyə çevrilir.
Ülviyyə Həmzəyeva 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər