media-900

“Baş verən bu faciə – 4 gəncin elektrik cərəyanı vurması nəticəsində həyatını itirməsi – sadə bir iş qəzası deyil. Bu, təhlükəsizlik sistemində illərlə yığılan ciddi boşluqların acı nəticəsidir”.

Bunu Musavat.com-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib. Onun sözlərinə görə, hadisənin ilkin təfərrüatları göstərir ki, vəfat edən şəxslər elektrik işçisi olmayıblar:

“Onlar sadəcə dəmir konstruksiya daşıyarkən həmin metal təsadüfən yüksək gərginlik xəttinə toxunub. Bu cür hallarda insanın reaksiya verməyə vaxtı olmur. Metal saniyələr içində gərginlik daşıyıcısına çevrilir və bir neçə nəfəri eyni anda vurur. Əsas problem odur ki, yüksək gərginlik xətti olan zonaya metal konstruksiya yaxınlaşdırılmamalı idi”.

Ekspertin sözlərinə görə, mövcud qaydalara əsasən belə ərazilərdə təhülkəsizlik zonası ayrılmalı, gözəçarpan xəbərdarlıq nişanları, həmçinin fiziki baryerlər quraşdırılmalıdır:

“Risk xəritəsi tərtib olunmalı, təhlükə olan sahə işçilərə əvvəlcədən izah edilməlidir. Bu tədbirlər yerində olmayıbsa, deməli, həmin obyekt üçün təhlükəsizlik yalnız kağız üzərində mövcud olub. İllərdir deyirik ki, əməyin mühafizəsi sistemində struktur dəyişikliyinə ehtiyac var”.

Orxan Musayev bildirir ki, mövcud qanunvericilik 50-dən çox işçisi olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndisin olmasını tələb edir. Lakin faciə baş verən yerlərin əksəriyyəti 15-20 nəfərlik kiçik kollektivlərdir:

“Risk işçinin sayından yox, fəaliyyətin xarakterindən asılıdır. Təhülkə 5 nəfər üçün də, 500 nəfər üçün də eyni ola bilər. Buna görə də bütün obyektlər — işçi sayından asılı olmayaraq — əməyin mühafizəsi xidmətini almalıdır. Bu xidmət risk zonalarının müəyyən olunması, işçilərin təlimdən keçirilməsi və real təhlükəsizlik tədbirlərinin görülməsini təmin edir. Əgər həmin ərazidə məsul şəxs olsaydı, metal konstruksiyanın xəttə yaxınlaşdırılmasına icazə verilməz və 4 can qurtarılardı. Bu faciə təsadüf deyil, qaydaların işləməməsinin ağır nəticəsidir”.

Qeyd edək ki, bu gün Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Lake Hotel” restoranının yaxınlığında 4 əməkdaş elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

“Azərişıq” ASC-dən Musavat.com-a bildirilib ki, faciənin baş verdiyi 35 kV-luq xətt 2007-ci ildə istifadəyə verilib və özəl şirkətə məxsusdur:
“Həmin yüksəkgərginlik xətti “Azərişıq”ın balansında deyil”.

İlkin məlumata görə, həyatını itirən şəxslər restorandan başqa bir yerə hündür metal nərdivan daşıyarkən ehtiyatsızlıq nəticəsində xəttə toxunublar.

Baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 162.3-cü maddəsi (əmək mühafizəsi qaydalarının pozulması nəticəsində iki və daha çox şəxsin ölümü) ilə cinayət işi açılıb.

Baş Prokurorluğun məlumatına əsasən, ölənlər:

1997-ci il təvəllüdlü Cavidan Muradlı,

2005-ci il təvəllüdlü Emil Quliyev,

2006-cı il təvəllüdlü Eltac Əliyev,

2007-ci il təvəllüdlü Əkbər Zeynalov olub.

İstintaq davam edir.


media-728x90banner

Bənzər xəbərlər