Lənkəranda Azərbaycan–Türkiyə tibbi əməkdaşlığının və müasir diabet texnologiyalarının növbəti mühüm görüşü!
Əziz dostlar! 9–10 oktyabr tarixlərində Lənkəranda Azərbaycan Diabet Liqası və Türkiyə Diabet Vəqfinin təşkilatçılığı, Yaşa Hospitalın dəstəyi ilə I AzərTürkDiab Regional Diabet Texnologiyaları Simpoziumunu keçirilib.
Azərbaycan və Türkiyənin tanınmış alimlərini, professorlarını və müxtəlif ixtisaslardan olan həkimlərini bir araya gətirən bu tədbirin əsas məqsədi müasir tibbi biliklərin, innovativ texnologiyaların və sübutlu təbabətin imkanlarının regionlarımızda daha geniş tətbiqinə töhfə vermək idi.
Simpoziumun ilk günü Yaşa Hospitalda 1-ci tip şəkərli diabetlə yaşayan uşaqlarımıza müasir davamlı qlükoza monitorinqi (CGM) sistemləri ödənişsiz təqdim olundu. Bu texnologiyalar uşaqların qlükoza göstəricilərini davamlı izləməyə, təhlükəli dəyişiklikləri vaxtında müəyyənləşdirməyə və valideynlərin gündəlik nəzarətini asanlaşdırmağa imkan yaradır. Proqram çərçivəsində avtomatlaşdırılmış insulin çatdırılması sisteminin tətbiqi də nəzərdə tutuldu.
Bu təşəbbüsün ən dəyərli tərəfi elmi yeniliyin birbaşa insan həyatına, xüsusilə uşaqlarımızın sağlamlığına xidmət etməsidir.
Oktyabrın 10-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən elmi simpoziumda diabetin müasir müalicəsi, insulin texnologiyaları, süni intellektin tibbdə tətbiqi, ürək-damar ağırlaşmaları və klinik protokolların düzgün istifadəsi ətrafında geniş müzakirələr aparılıb. Rəşad Mahmudov “Diabet və kardiovaskulyar xəstəliklər: klinik protokoldan klinik qərara gedən yol” mövzusunda məruzə ilə çıxış edərək diabetli xəstələrdə ürək-damar xəstəliklərinin müalicəsində elmi sübutlara əsaslanan qərarların, xüsusilə dərman müalicəsi, koronar stentləmə və aortokoronar şuntlama arasında düzgün seçim edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Çünki müasir tibbin gücü yalnız yeni texnologiyalara sahib olmaqda deyil, həmin texnologiyaları və elmi bilikləri doğru xəstədə, doğru zamanda və doğru qərarla tətbiq etməkdədir.
Azərbaycan səhiyyəsinin inkişafı, regionlarda keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının artırılması, həkimlərimizin davamlı təhsili və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Rəşad Mahmudov Türkiyə Diabet Vəqfinin qurucusu, professor doktor Temel Yılmaza, Azərbaycan Diabet Liqasının sədri doktor Yeganə Sultanovaya, simpoziumun sədri Nərmin İsmayılovaya, Türkiyədən və ölkəmizin müxtəlif bölgələrindən qatılan bütün dəyərli həmkarlara, Florence Nightingale Xəstəxanalar Qrupuna, Yaşa Hospital kollektivinə və təşkilati işlərdə əməyi keçən hər kəsə təşəkkür etdi..
Elm paylaşdıqca inkişaf edir, tibbi bilik isə insan həyatına toxunduqca əsl dəyərini qazanır.










