Leyla Əliyeva Efiopiyada görüşlər keçirdi
Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib.
XALQ xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.
Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib.
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətlə qəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramla danışaraq, xoş sözlərini ifadə edib.
Baş nazir ölkəmizdə gedən sürətli inkişaf prosesini təqdir etdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti və beynəlxalq aləmdəki yüksək nüfuzunu xüsusi vurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açıb.
Görüşdə, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin uğurlu təcrübəsi böyük maraqla qarşılanıb. Bu təcrübənin 2027-ci ildə Efiopiyada keçiriləcək COP32 konfransında tətbiq edilməsi imkanları müzakirə olunub. Hər iki ölkə arasında bu mühüm sahədə təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilib.





Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub.
Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib.
Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, oriyentasiya və hərəkətlilik, həyat bacarıqları və musiqi, əl işləri, kompüter istifadəsi üzrə təlimlər keçirlər. Akademik öyrənməni praktiki bacarıqlarla birləşdirərək, Berhan Gözdən Əlillər üçün İnternat Məktəbi şagirdləri ali təhsildə uğur qazanmağa və cəmiyyətdə müstəqil, məhsuldar həyata hazırlaşmağa imkan verir.
***
Sonra Leyla Əliyeva “Lenegewa” Qadınların Reabilitasiya və Bacarıqların İnkişafı Mərkəzində olub.
Bildirilib ki, Əddis-Əbəbə şəhərinin meri xanım Adaneç Abiebenin təşəbbüsü ilə tikilən mərkəzin fəaliyyəti səfil həyatı ilə üzləşən və insan alverinin qurbanı olan minə yaxın qadının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Kompleks yanaşma prinsipi ilə fəaliyyət göstərən mərkəz 13 binadan ibarətdir. Buraya müasir sinif otaqları, yataqxanalar, peşə təlimi mərkəzləri, emalatxanalar, həmçinin psixoloji və tibbi yardım şöbələri daxildir.
Bildirilib ki, müəssisəyə qəbul edilən həssas təbəqədən olan qadınlar gələcəkdə işə düzəlmək üçün zəruri bacarıqlarla təmin edən 3–6 aylıq intensiv təlim proqramlarına cəlb olunurlar.
Onların potensialını maksimum səviyyədə istifadə etmələri üçün kompüter savadlılığı, tekstil və tikiş, elektronika, gözəllik xidmətləri, tədbirlərin təşkili üçün qida xidmətləri və digər istiqamətlər üzrə kurslar təklif olunur.
***
Leyla Əliyeva, həmçinin Efiopiyanın Milli Sarayı ilə tanış olub.
Saray bu ölkənin monarxlarının mirasını və xalqın sarsılmaz ruhunu təcəssüm etdirir. Sarayın tarixi, əsrlər boyu ölkəni formalaşdıran hakimiyyət, ənənə və müasirlik hekayələri ilə sıx bağlıdır. 1955-ci ildə imperator Hayle Selassienin gümüş yubileyini qeyd etmək üçün inşa edilən saray ona həyat yoldaşı Menen Asfav tərəfindən hədiyyə edilib. İtalyan memar Raffaele Petrone tərəfindən layihələndirilən bina yerli memarlıq motivlərini beynəlxalq üslublarla birləşdirərək ölkənin mədəni müxtəlifliyini və qlobal əlaqələrini əks etdirir.
Muzeydə imperatorun zəngin avtomobil kolleksiyası, həmçinin fəvvarələr, heykəllər və sıx yaşıllıqlarla bəzədilmiş saray kompleksi nümayiş etdirilir.

































