Leyla və Alena Əliyevalar Gəncədə
Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar.
XALQ xəbər verir ki, onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar.
Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.
Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib.
Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.






Leyla Əliyeva və Alena Əliyeva Gəncədə fəaliyyət göstərən qadın sahibkar Fidan Zari tərəfindən yaradılmış “Zarif Natural” brendi ilə tanış olublar.
Onlar sahibkarla səmimi söhbət edib, ideyanın formalaşması, brendin yaranma hekayəsi və məhsulların hazırlanma prosesi ilə maraqlanıblar.
Daha sonra müəssisədə soyuq sıxım üsulu ilə müxtəlif yağlar və digər məhsullar birgə hazırlanıb. Leyla Əliyeva və Alena Əliyeva qadın sahibkara fəaliyyətində uğurlar arzulayıb, onun təşəbbüskarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Zarif Natural” brendi sağlam və balanslı qidalanma prinsiplərinə əsaslanaraq soyuq sıxım yağların, qatqısız çərəz əzmələrinin və qlütensiz unların istehsalı və istehlakçılara təqdim olunması istiqamətində fəaliyyət göstərir.

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.
Məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib.
Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.
Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.


Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.
Ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.











Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar.
Mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.
Bildirilib ki, STEAM mərkəzi liseyin tərkibində 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, dron istiqamətləri üzrə sahələr fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edir. Hər tədris ili 1000-dən çox şagird Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirak edir.
Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.
Daha sonra Leyla Əliyeva və Alena Əliyeva Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, 1969-cu ildə inşa olunmuş Gəncə şəhəri, Kəpəz rayonu 37 nömrəli orta məktəbin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşüb. 2024-cü ilin noyabrından Heydər Əliyev Fondu tərəfindən 724 şagirdlik məktəbin əsaslı təmir işlərinə başlanılıb.
Təhsil ocağı 3 mərtəbəli 1 korpusdan və 2 mərtəbəli 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, musiqi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.
Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.
Ziyarət zamanı müxtəlif yaş qruplarına aid 50 uşağa velosiped, eləcə də təhlükəsizlik ləvazimatı hədiyyə edilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən sosial aksiyanın əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, məktəbliləri fiziki fəallığa həvəsləndirmək, habelə ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.



























Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar.
Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Kompleksin birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbədə isə müxtəlif tədbirlərin keçirilməsi üçün zal yerləşir.
Leyla Əliyeva və Alena Əliyeva, həmçinin Gəncədə Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib.
Görüş zamanı qəhrəmanımızın xatirəsi dərin hörmətlə yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib. O, müharibə zamanı beş gün təkbaşına mühasirədə qalsa da erməni işğalçılarına sonadək müqavimət göstərib.
Görüş zamanı şəhidin şərəfli ömür və döyüş yolu bir daha xatırlanıb.




























