Leyla və Alena Əliyevalar təqdimatlarda
Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.
XALQ AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə, dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, layihənin əsas məqsədi uşaqlara düzgün dəyərləri aşılamaqdır. “Biz istəyirik ki, uşaqlar dostluğu düzgün seçməyi, doğru qəhrəmanları tanımağı və ən əsası, güvənə biləcəkləri insanları ayırd etməyi öyrənsinlər”, – deyə o vurğulayıb.
Tural Sevdimalı gələcək planlarla bağlı məlumat verərək qeyd edib ki, artıq Kino Agentliyi ilə əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, layihə “pitching” mərhələsini uğurla keçib və yaxın zamanda “Mən, Lalə, bir də Şerlok Holms” filminin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Filmin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.
Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.
Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, “Əlaçı” bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.
“Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.











Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində çap olunmuş “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirilib.
XALQ AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanın anım günü ilə əlaqədar xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxış edərək, təqdim olunan kitabın maraqlı və əhəmiyyətli olduğunu vurğulayıb, onun məhz bu məkanda təqdim olunmasından məmnunluğunu ifadə edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin yalnız turizm deyil, eyni zamanda, incəsənət, yaradıcılıq və intellektual mərkəz kimi mühüm əhəmiyyətə malik olduğunu deyib, bu cür tədbirlərin keçirilməsinin həmin funksiyanın təzahürü olduğunu bildirib.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, kitabın redaktoru Cəbi Bəhramov layihənin həm tarixi, həm də hüquqi baxımdan mühüm əhəmiyyət daşıdığını xatırladıb, İrəvanın qədim tarixə malik olduğunu və bölgədəki toponimlərin mənşəyinin çox qədim dövrlərə təsadüf etdiyini vurğulayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə çıxışında belə kitabların hazırlanmasının və ictimaiyyətə təqdim olunmasının vacibliyini xüsusi qeyd edib.
Kitabın müəllifi Fəridə Səfiyeva irəvanlı olduğunu xüsusi vurğulayaraq, bu əsəri yazmağın onun üçün, sadəcə, elmi fəaliyyət deyil, həm də mənəvi məsuliyyət və borc olduğunu deyib. O qeyd edib ki, doğma yurdunun tarixi, mədəni irsi və yaddaşı ilə bağlı həqiqətlərin qorunub gələcək nəsillərə çatdırılması hər bir irəvanlının üzərinə düşən mühüm vəzifədir.
Tədbir bədii hissə ilə davam edib, iştirakçılara maraqlı və zəngin mədəni proqram təqdim olunub.
Qeyd edək ki, kitab İrəvan şəhərinin Azərbaycan xalqına məxsus qədim sivilizasiya və mədəniyyət mərkəzi olduğunu elmi əsaslarla sübut etməyə yönəlib. Əsərdə şəhərin çoxəsrlik tarixi, zəngin mədəni irsi və onun formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərin həyat və yaradıcılığı geniş şəkildə tədqiq olunur. XIX–XX əsrlərdə baş vermiş faciəvi hadisələr nəticəsində İrəvanın azərbaycanlı kimliyinin məqsədyönlü şəkildə silinməsinə cəhd göstərilməsinə baxmayaraq, onun həqiqi siması arxiv sənədlərində, fotoşəkillərdə və elmi mənbələrdə öz əksini tapıb. Bu tədqiqat əsəri həmin həqiqətlərin bərpasına, İrəvanın unudulmuş Azərbaycan milli-mədəni irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm elmi mənbədir.
















