Leysan Məmmədov 10 manatlıq şirkətə nə qədər pul köcürəcək? Tender oyunu….
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün nəzərdə tutulan orta sıxlıqlı və çoxfunksiyalı zonanın, eləcə də orta yaşayış məhəllələrinin işçi layihələrinə əlavə və dəyişiklik edilməsi məqsədilə satınalma müsabiqəsinə yekun vurub.
32gun.az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən, sözügedən layihələndirmə işlərinin icrası “R.R. Project” MMC-yə həvalə edilib.
Bildirək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Rəfail Məmmədəli oğludur.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.
Xatırladaq ki, Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.
Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.













