Lisey və gimnaziyalara qəbulda dəyişiklik
2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.
XALQ xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər.
Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.
Qeyd edilib ki, lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.
Xatırladaq ki, bu ilin mayında lisey və gimnaziyalara qəbul prosesi ilə bağlı qaydalar dəyişdirilib. Dəyişikliklə qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçirilir. Lakin əvvəlki illərdə lisey və gimnaziyalarda oxumaq üçün 5, 6, 7 və 8-ci siniflərə qəbul keçirilirdi.










