“Dünya bazarında bütün şirkətlər mallarını treyder şirkətlərlə satırlar. Treyder şirkətlərin nefti kimə satdıqlarına isə istehsalçı şirkətlər nəzarət edə bilmirlər. Bu, neft bazarlarında qəbul edilmiş bir normadır. Bu normaya, təbii ki, SOCAR da əməl etməlidir. Son vaxtlar görürük ki, Türkiyədə kök salmış, İran tərəfindən dəstəklənən anti-Azərbaycan qruplaşmaları SOCAR-a qarşı etiraz edirlər. Guya etirazlar SOCAR-ın İsrailə neft satması ilə bağlıdır. Əslində isə hamısı bəhanədir. Məqsəd SOCAR-ı, bütövlükdə qardaş Türkiyə və Azərbaycanı ictimai rəylərdə ləkələmək, nüfuzdan salmaqdır”. 

 

Bunu açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Mahir Abbaszadə deyib.

 

Deputat xatırladıb ki, SOCAR Azərbaycanın böyük neft şirkətidir: “SOCAR Türkiyəyə investisiya edən, Türkiyə-Azərbaycan dostluğunda müstəsna rol oynayan çox böyük şirkətlərdən biridir. SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, eyni zamanda Türkiyə üzərindən həyata keçirilən digər layihələr iki ölkənin dostluğunda müsbət rol oynayır. İnvestisiyalarının sayına görə dünyanın ən nüfuzlu şirkəti ilə eyni sırada dayanan SOCAR Türkiyədə çox böyük imkanlara malikdir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə-Azərbaycan dostluğu özünü xüsusilə göstərdi. Türkiyənin Azərbaycana qardaşlıq nöqteyi-nəzərindən mənəvi və siyasi dəstəyini xatırlatmaq kifayətdir. Tarixdə ilk dəfə Şuşa Bəyannaməsinin imzalanması, Türkiyə-Azərbaycan dostluğunun strateji müttəfiqlik səviyyəsinə qaldırılması cənab Prezident İlham Əliyevin və  Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və Türkiyə xalqı qarşısında ən böyük xidmətlərindəndir. Bu bəyannamə iki ölkənin təhlükəsizliyi baxımından çox vacib rol oynayır. Bunu bəzi anti-Azərbaycan qüvvələrin, bəzi dövlətlərin gözü götürmür və fürsət düşdükcə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən belə addımlar atmağı planlayırlar. Azərbaycanın böyük şirkəti olan SOCAR-ı guya İsrailə birbaşa neft satmaqda, ona kömək etməkdə günahlandırırlar. Əslində isə dünyada bütün iqtisadçılar, neft ekspertləri bilirlər ki, heç bir istehsalçı neft şirkəti birbaşa neft satışı ilə məşğul olmur, o cümlədən SOCAR. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq məqsədilə təşkil olunmuş aksiyalardır. Bu aksiyanın təşkilatçıları bilməlidirlər ki, Türkiyə-Azərbaycan dostluğu ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” fəlsəfəsinə əsaslanır. Ona görə də belə addımlarla Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq mümkün deyil”.


media-728x90banner

Bənzər xəbərlər