Məcnun Məmmədovun yarımçıq hesabatı – UDM-in 5,9 faizi zəif göstəicidir
2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr barədə Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirə, rəsmi açıqlamalar baxımından diqqət çəkib.
XALQ bildirir ki, müşavirədə təqdim edilən hesabat görüntü xarakteri aşıyır, əslində isə vətəndaş və fermer üçün əhəmiyyətli olan konkret rəqəmlər, xərclərin istifadəsi və nəticələrin qiymətləndirilməsi barədə heç bir məlumat verilmir.
Belə ki, müşavirədə çıxış edən nazir Məcnun Məmmədov, 2025-ci ili aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü adlandırıb. Nazir qeyd edib ki, subsidiya siyasəti təkmilləşdirilib, fermerlərə xidmət keyfiyyəti artırılıb və rəqəmsallaşma sahəsində addımlar atılıb.
Rəsmi məlumatlarda 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunduğu, bunun 5,9 faizinin kənd təsərrüfatına aid olduğu vurğulanır. Nazir kənd təsərrüfatını qeyri-neft sektorunun ixrac lideri kimi təqdim edir və strateji rolunu önə çəkir. Lakin burada hansı məhsula nə qədər vəsait ayrıldığı, subsidiyaların real faydası və ixracdan əldə olunan valyuta gəlirləri barədə heç bir rəqəm verilməyib.
Üstəlik bu təxminən 7,6 milyard manatlıq kənd təsərrüfatı istehsalını göstərir. Azdırmı? Əlbətdə çox azdır. Kənd təsərrüfatı strateji rol oynasa da, onun ÜDM-dəki kiçik payı sahənin valyuta gətirən gəlir mənbəyi kimi tam potensialını göstərmir. Bu həm də fermerlər üçün bu, həm iqtisadi təzyiq, həm də resurs çatışmazlığı deməkdir. Bu payın kiçik olması, sahənin inkişafını sürətləndirmək üçün modern texnologiyalar, subsidiyalar və rəqəmsal transformasiya ilə gücləndirilməsinin vacibliyini ortaya qoyur.
Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin təşkili prioritetdir. Nazir bildirib ki, Xocalı, Xocavənd və Laçın rayonlarında 6 876 hektar torpaq sahibkarların istifadəsinə verilib və icarə əsaslı torpaq müsabiqəsi nəticəsində subsidiyalar təmin olunub.
Lakin müşavirədə müsabiqənin detallarına dair məlumat verilmir. Hansı sahibkarlar və hansı kriteriyalar əsasında torpaq əldə edib, hər bir sahəyə ayrılan subsidiyanın məbləği nə qədərdir kimi suallar qapalı qalır.
Həmçinin fermerlərin bu dəstəyi hansı məhsuldarlıqla kompensasiya etməsi gözlənilir kimi suallar boşluq olaraq qalmaqdadır. Bu boşluqlar, hesabatın yalnız görüntü xarakterli olduğunu göstərir və ictimaiyyət üçün şəffaflıq problemi yaradır.
Müşavirədə çıxış edən nazir müavinləri və agentlik rəhbərləri ötən il görülmüş işlər barədə ümumi məlumat veriblər. Bitkiçilik sahəsində inkişaf, subsidiya mexanizmlərinin tətbiqi və monitorinq nəticələri, heyvandarlıqda epizootik sabitliyin təmin olunması kimi amillər önə çəkilib. Lakin rəqəmsal və maliyyə hesabatı yoxdur. Fermerlər və vətəndaşlar üçün əsas məsələ, hansı resursun necə xərcləndiyi və hansı nəticənin əldə olunduğu müşavirədə açıqlanmamış qalıb.
Bu müşavirə, əslində, vizual hesabat və təqdimat xarakteri daşıyır. Rəqəmlərin olmaması, xərclərin və subsidiyaların şəffaf şəkildə açıqlanmaması hesabatın əsas funksiyasını kənarda qoyub.
Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi 2025-ci il hesabatı, yalnız ideyaları və planları göstərir. Rəsmi açıqlamalar faktiki nəticələr, maliyyə xərcləri və subsidiyaların təsiri barədə kifayət qədər məlumat vermir.Bizimesr.az










