media-977

Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gedib.

XALQ  xəbər verir ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladılar.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Komodilya katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan Komissiyasının prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.

“Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik”, – deyə o əlavə edib.

Paskuale Yakobone layihə çərçivəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yaddaqalan səfərini xatırladıb. O, bu işin yüksək səviyyədə başa çatdırılmasına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırıb, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə – “Dostluq” ordeninə layiq görüldüyünü qeyd edib. Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib: “Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə Birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci vitse-prezidentə dərin təşəkkürümü bildirirəm”.

O, hər iki tərəfin bu sahədə ahəngdarlıq nümayiş etdirdiyini qeyd edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırıb.

“Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, – deyə Birinci vitse-prezident qeyd edib.

Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir”.

Birinci vitse-prezident həm Vatikanda, həm də Azərbaycanda bu layihələrdə əməyi olan şəxslərə dərin minnətdarlığını ifadə edərək bildirib: “Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan “Yubiley İli” münasibətilə hər birinizi təbrik edirəm. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfərə dəvət edirəm”.

Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında çalışan insanlara burada görülmüş işlərə görə təşəkkürünü bildirib. Bu layihə üzərində bir neçə il çalışdığını deyən bələdiyyə prezidenti Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Komodilya katakombalarının açılışı olub.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Komodilya katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Bildirilib ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub.

Bərpa prosesi zamanı işçilərin sağlamlığı üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla, müasir metod və texnologiyalar tətbiq edilib. Məhsulların möhkəmləndirilməsi prosesində nanotexnologiyadan və boyalı səthlərin emalı üçün lazer texnologiyasından istifadə olunub. Bütün materiallar yeraltı mühitlə yüksək uyğunluq nəzərə alınmaqla seçilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

 






























*****

Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub.

Birinci vitse-prezident burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.

“Bambino Gesu” pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib.

Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar arasındadır.

Diqqətə çatdırılıb ki, “Bambino Gesu” pediatrik xəstəxanası İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs Taxt-Tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun rəhbərliyinə tabedir. 2006-cı ildə xəstəxana “Joint Commission International” tərəfindən akademik xəstəxana kimi akkreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir.

Qeyd olunub ki, San Paolo filialı xəstəxananın genetik və hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir. Burada klinik diaqnozların nəticələri bir daha təsdiqlənmək üçün genetik analizlərlə qarşılaşdırılır, habelə metabolik analizlər sayəsində pasiyentlərə fərdi tibbi yanaşma tətbiq olunur.

Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq. Nəticədə ölkəmizdə bu sahələrdə müstəqil elmi tədqiqatlar aparmağa qadir kadr potensialı formalaşacaq, beynəlxalq standartlara cavab verən yeni laboratoriyaların təsis olunması üçün şərait yaranacaq. Həmçinin əməkdaşlıq çərçivəsində səhiyyə mütəxəssislərimizin təlim və mübadilə proqramlarında iştirakı nəzərdə tutulub.

 

****

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.

Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.

Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.

Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Tax-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Kardinal qeyd edib ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında Müqəddəs Pavel çox böyük rol oynayıb. O, Müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq deyib: “Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir”.

Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub.

 










*****
Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.

Keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.

Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən dörd əsas papal bazilikadan biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. Bazilikanın daxili hissəsində I Pyotrdan başlayaraq indiyədək bütün papaların mozaika portretləri yerləşdirilib. Vatikanın gur səs-küylü mühitindən uzaqda yerləşdiyi üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir.

Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.

 







media-728x90banner

Bənzər xəbərlər