media-02

Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 17-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

XALQ xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək, katolik dünyasını “Yubiley İli” münasibətilə təbrik edib.

Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən Birinci vitse-prezident ölkəmizin Müqəddəs Taxt-Tacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə edib.

Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib:

“Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırdığı məsələ – ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq”. Mehriban Əliyeva kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, əməkdaşlığımızın sürətlə və uğurla inkişafına görə ona minnətdarlığını bildirib.

Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə, münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, keçən ilin noyabrında COP29-la bağlı Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını Müqəddəs Taxt-Taca hörmətin təzahürü kimi qiymətləndirib. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıraraq, dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib: “Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdarıq. Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir”.

Kardinal Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsinin Müqəddəs Taxt-Taca hörmətin daha bir əlaməti olduğunu diqqətə çatdırıb.

Dövlət katibi Pietro Parolin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.

Təbriklərə görə kardinal Pietro Parolinə minnətdarlığını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqton Sammitinin nəticələrini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh gündəliyinə sadiq qaldıqlarını, regionda davamlı sülhün bərqərar olmasına ümidvar olduğunu vurğulayıb.

***

Oktyabrın 17-də Birinci vitse-prezident Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.

Görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib.

Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.

Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna minnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə Raffaella Petrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb. Rafaella Petrini dəvətini məmnunluq hissi ilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 











****

Oktyabrın 17-də Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.

Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.

Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.

Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.

 








****

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.

Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən bərpa işləri barədə məlumat verib.

Bildirilib ki, Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük kilsəsi olmaqla katolik aləminin dini mərkəzi hesab edilir və Vatikandakı dörd Papa bazilikasından biridir. Həmçinin kilsə memarlıq baxımından bəşəriyyətin ən möhtəşəm tikililərindən sayılır. Əsası IV əsrdə qoyulsa da, mövcud bina XVI-XVII əsrləri təmsil edir.

Diqqətə çatdırılıb ki, kilsənin rəhbəri Papa hesab olunur və onun idarəçiliyi Müqəddəs Taxt-Tacın rəhbəri tərəfindən təyin edilən kardinala həvalə olunur. Həmin kardinal, eyni zamanda, Vatikan şəhər-dövlətinin baş keşişi statusunu daşıyır. 2021-ci il fevralın 20-dən italyanəsilli kardinal Mauro Qambetti Müqəddəs Pyotr Bazilikasının rəhbəri vəzifəsini tutur.

Qeyd edək ki, 2019-cu il fevralın 28-də Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Bazilikası arasında kilsədə yerləşən “Roma Papası I Leo ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və bazilikanın nekropolundakı “Tullius Zetus” məqbərəsinin bərpasına dair müqavilə imzalanıb. Layihə üzrə bərpa

işləri başa çatdırılıb.

Müqəddəs Pyotr Bazilikasının baş keşişi kardinal Mauro Qambetti Birinci vitse-prezident Mehriban Əliyevaya kilsədə görülən bərpa işlərinin yüksək səviyyədə və qısa zamanda həyata keçirilməsinə görə dərin təşəkkürünü ifadə edib.

 









media-728x90banner

Bənzər xəbərlər