Mehribanlıq, sevinc və ümid bəxş edən
Hər bir xalqın tarixində onun mənəviyyatına, mədəniyyətinə və gələcək inkişafına dəyərli töhfələr verən şəxsiyyətlər xüsusi hörmət və ehtiramla xatırlanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da məhz belə nadir simalardandır.
Mehriban xanım həyat yolunu insanlara xidmətə həsr etmiş böyük şəxsiyyətlərdəndir. Onun fəaliyyəti sadəcə dövlət xadimi olaraq gördüyü işlərlə məhdudlaşmır. O, incə zövqü, xeyirxah əməlləri və səmimiyyəti ilə hər kəsin qəlbində özünə yer qazanmışdır. Təhsil, mədəniyyət, səhiyyə, sosial qayğı və humanitar sahələrdə həyata keçirdiyi təşəbbüslər yüzlərlə insanın həyatına işıq, sevinc və ümid bəxş etmişdir.
Mehriban Əliyeva doğma Azərbaycanının inkişafı, xalqımızın rifahı, milli irsimizin qorunması, elm, təhsil və səhiyyənin daha da güclənməsi üçün yorulmadan çalışır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bir çox humanitar layihələr həyata keçirərək həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanın xoşməramlı simasını nümayiş etdirir. Uşaqların, gənclərin, aztəminatlı ailələrin qayğı ilə əhatə olunması, tarixi-mədəni abidələrin bərpası və ölkəmizin dünyada tanıdılması Mehriban xanımın genişmiqyaslı fəaliyyətinin bariz nümunələridir.
Mehriban xanımın ən böyük xüsusiyyətlərindən biri də onun insanlara səmimi yanaşmasıdır. O, yardım əlini uzatmaqla kifayətlənmir, eyni zamanda qəlblərə yaxın olmaq, hər kəsin dərdini dinləmək və paylaşmaq bacarığı ilə fərqlənir.
Mehriban Əliyeva həm də Azərbaycan qadınının müasir dövrdə yüksək nümunəsi kimi tanınır. Zərifliyi, xeyirxahlığı, incə zövqü və humanist dəyərlərə sadiqliyi ilə o, cəmiyyətimizdə böyük rəğbət və sevgi qazanmışdır. Onun fəaliyyəti milli ənənələrlə müasir çağırışların vəhdətini özündə birləşdirir.
Bu əlamətdar gündə – doğum günündə möhtərəm Mehriban xanıma möhkəm sağlamlıq, ailə səadəti, xalqımıza və ölkəmizə xidmət yolunda yeni-yeni uğurlar arzulayırıq. Hər bir azərbaycanlı əmindir ki, Mehriban xanımın yorulmaz fəaliyyəti və fədakar xidmətləri bundan sonra da vətənimizin daha da güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına böyük nailiyyətlər verəcəkdir.
Əminə Ağazadə
Milli Məclisin deputatı