Məktəbdə dəcəl uşaqlarla ünsiyyət necə qurulmalıdır
Məktəb həyatı uşaqların təkcə bilik deyil, həm də davranış, ünsiyyət və sosial bacarıqlar qazandığı mühüm bir mərhələdir. Hər bir sinifdə müxtəlif xarakterli şagirdlər olur: sakit, çalışqan, utancaq və bəzən də “dəcəl” adlandırılan uşaqlar. Dəcəl uşaqlar müəllimlər və valideynlər üçün çətinlik yaratsa da, bu uşaqların davranışlarının arxasında çox vaxt diqqət, anlayış və qayğı ehtiyacı dayanır.
Bir uşağın davranışını dəyişdirməyin ilk addımı onun niyə belə davrandığını anlamaqdır. Dəcəl davranışın səbəbləri müxtəlif ola bilər:
• Evdə diqqət çatışmazlığı;
• Özünü ifadə etmə bacarığının zəif olması;
• Enerjinin düzgün istiqamətlənməməsi;
• Daxili gərginlik və emosional narahatlıq;
• Özünə inamsızlıq və ya qəbul edilmə ehtiyacı.
Bu səbəbləri
anlamaq müəllimə və valideynə uşağa fərdi yanaşmaq imkanı yaradır.
Dəcəl uşaqlar cəza və sərt tənbehə deyil, anlayışa və diqqətə daha yaxşı reaksiya verirlər. Müəllim səsini yüksəltmək əvəzinə sakit, amma qəti şəkildə danışmalıdır. Uşağın davranışına deyil, şəxsiyyətinə münasibət bildirmək vacibdir. Məsələn:
“Sən çox pis uşaqsan” deyildə,
“Sənin bu hərəkətin düzgün deyil, amma bilirəm ki, sən daha yaxşısını edə bilərsən.”
Tərif və motivasiya dəcəl uşaqlar üçün güclü alətdir. Kiçik uğurlarını görmək və dəyərləndirmək, onların özlərinə inamını artırır. Hətta ən kiçik düzgün davranış belə, müəllim tərəfindən qeyd edilməlidir.
Bəzi uşaqlar sadəcə çox enerjilidirlər. Onlara bu enerjini boşaltmaq üçün imkan yaradılmalıdır. İdman dərsləri, yaradıcılıq fəaliyyəti, oyunlar və qrup işləri belə uşaqlar üçün faydalıdır. Enerjisini dərs prosesinə yönəldə bilən uşaq həm öyrənir, həm də sakitləşir.
Məktəb və valideynlər arasında əməkdaşlıq vacibdir. Müəllim uşaqla bağlı müşahidələrini valideynlə paylaşmalı, birlikdə davranış modelini qurmalıdır. Həmçinin məktəbin psixoloqu ilə əməkdaşlıq da müsbət nəticə verə bilər.
Dəcəl uşaqlarla işləmək səbir tələb edir. Dəyişiklik bir gündə baş vermir, lakin ardıcıl və sevgi dolu yanaşma tədricən öz nəticəsini verir.
Dəcəl uşaqlar cəza ilə deyil, sevgi, anlayış və düzgün yönləndirmə ilə dəyişirlər. Onlarla effektiv ünsiyyətin əsas açarı empatiya, səbir və ardıcıllıqdır. Unutmaq olmaz ki, bu gün “dəcəl” adlandırılan uşaq, sabah cəmiyyətin ən yaradıcı, enerjili və təşəbbüskar fərdlərindən biri ola bilər.
Dilarə Cəbrayılova
Sabiq millət vəkili , 295 nömrəli tam orta məktəbin direktoru










