Mərkəzi Asiya üçün ən əlverişli enerji və nəqliyyat yolları Azərbaycandan keçir
Azərbaycanın beynəlxalq siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir. Son dövrlərdə rəsmi Bakı ilə bu region ölkələri arasında qurulan münasibətlər tarixinin ən qüdrətli dövrünü yaşayır. Xüsusilə Türk dünyası ilə əməkdaşlığın dərinləşməsi, münasibətlərin arzulanan səviyyəyə çatdırılmasında və ölkələrin yaxınlaşmasında Prezident İlham Əliyevin misilsiz xidmətləri var.
Təsadüfi deyil ki, Azərbaycanın xarici siyasət kursunda Türk dövlətləri ilə, o cümlədən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir.
Bu baxımdan tarixi və mədəni bağlar fonunda siyasi və iqtisadi əlaqələrin də inkişaf etməsi təbii prosesdir. Reallıq onu göstərir ki, Mərkəzi Asiya üçün ən əlverişli enerji və nəqliyyat yolları Azərbaycandan keçir. Prezident İlham Əliyevin dost ölkələrə səfərləri və Mərkəzi Asiya ilə yüksək səviyyəli əlaqələri onu deməyə əsas verir ki, Azərbaycan regionda etibarlı tərəfdaş kimi tanınır. Ölkə başçısının Türkmənistana işgüzar səfəri əməkdaşlıq üfüqlərini genişləndirərək, iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində münasibətlərin daha da dərinləşməsi baxımından mühüm məqamlarla yadda qaldı.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Azərbaycan liderinin Türkmənistanda yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və səsləndirilən bəyanatlar ölkələrimizin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə və qarşılıqlı etimadın artmasında yeni səhifə açdı.
Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüş Prezident İlham Əliyevin qeyd etdiyi kimi üç dost və qardaş dövlətin əməkdaşlıq tarixində yeni bir səhifə açdı. Qardaş ölkələrin liderlərinin iştirakı ilə imzalanan sənədlər təkcə iştirakçı ölkələr üçün deyil, ümumilikdə Türk dünyasının gələcək inkişafı baxımından da mühüm əhəmiyyət kəsb etdi.
Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durduğunu bildirən dövlətimizin başçısı Özbəkistan və Türkmənistan nümayəndələrinin işğaldan azad olunmuş ərazilərimizə səfərlərindən bəhs etdi. Prezident Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Füzuli şəhərində məscidin inşası ilə bağlı qərarına görə xüsusi təşəkkürünü bildirdi. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Keçirilən Zirvə görüşü isə birliyimizin təcəssümü oldu.
Deputat yekunda bildirib ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri yeni əməkdaşlıq istiqamətləri baxımından olduqca əhatəli keçdi. Görüşlər çərçivəsində nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft və qaz sahələrində tərəfdaşlığın daha da dərinləşəcəyinə heç bir şübhə yoxdur. Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü.