Məşhur həkim Qalib İmanov “Yeni Klinika”nın direktoru təyin olundu
“Yeni Klinika”nın direktor vəzifəsinə Qalib İmanov təyin olunub.
XALQ Teleqraf-a istinadla xəbər verir ki, klinikaya rəhbərlik direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Q.İmanova həvalə edilib.
Qeyd edək ki, “Yeni Klinika”nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad olunub.
Hələlik TƏBİB vəzifəsindən azad olunan xəstəxana rəhbərləri və yeni təyinatlarla bağlı rəsmi açıqlama verməyib, çoxsaylı sorğular cavabsız qalıb.
Qeyd edək ki, Qalib İmanov buna qədər sözügedən klinikada direktor müavini və Ürək-damar mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Hələlik TƏBİB rəsmi açıqlama verməsə də, qurumun yaxın vaxtlarda ətraflı məlumat yayacağı gözlənilir.
Qalib Gəncəvi oğlu İmanov 1974-cü il avqustun 8-də Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1991-ci ildə Zaqatala şəhərində orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub.
1998-ci ildə ATU-nun “Müalicə-profilaktika” fakültəsini bitirib. 1998-1999-cu illərdə Bakı Şəhər 1 saylı Kliniki Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə interna keçib.
2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, 50-yə yaxın elmi məqalənin müəllifidir.
Ukrayna və Türkiyənin (İstanbul və Bursa) aparıcı tibb mərkəzlərində invaziv kardiologiya və pediatrik kardiologiya üzrə uzunmüddətli kurslar keçib.
Qalib İmanov kardiologiyanın müxtəlif sahələrində zəngin təcrübəyə malikdir:
1999–2001: Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim-reanimatoloq;
2001–2009: Mərkəzi Klinik Xəstəxanada kardioloq;
2009–2014: Mərkəzi Gömrük Hospitalında invaziv və pediatrik kardioloq;
2014-cü ildən: ATU Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.
O, invaziv kardiologiya sahəsində mürəkkəb əməliyyatların, o cümlədən koronar angioqrafiya, angioplastika, kardiostimulyatorların implantasiyası və anadanqalma ürək qüsurlarının qapalı (invaziv) üsulla müalicəsində ixtisaslaşmış peşəkar həkimdir.










