Millət vəkili Jalə Əliyeva yeni təkliflərlə çıxış etdi
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləi” mövzusunda ictimai dinləmə keçirilib. Millət vəkili, ictimai dinləmənin keçirilməsindən məsul işçi qrupunun üzvü Jalə Əliyevanın dinləmə zamanı etdiyi çıxışın mətnini təqdim edirik.
Parlamentdə artıq yaxşı bir ənənə halını almış İctimai dinləmələrin müsbət nəticələr verdiyini qeyd edərək, bu dinləmələrin keçirilməsinin təşəbbüskarı olan və onu yaxından dəstəkləyən hörmətli spikerimiz, xanım Sahibə Qafarovaya xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Bu gün müzakirə etdiyimiz “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusu ölkəmizin iqtisadi strategiyasında mühüm yer tutur.
Lakin turizm yalnız iqtisadi sektor deyil – bu, ölkənin mədəniyyətinin, tarixinin və milli kimliyinin dünyaya təqdimatıdır. Azərbaycan öz təbii, tarixi və müalicə resursları ilə regionun aparıcı turizm mərkəzinə çevrilmək potensialına malikdir.
Qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan turizm həm məşğulluğun artırılması, həm regionların inkişafı, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanda turizm infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə Bakı şəhərinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, regionlarda müasir hotellərin tikilməsi, hava limanlarının yenilənməsi ölkəmizin turizm xəritəsində mövqeyini gücləndirmişdir.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni turizm istiqamətlərinin formalaşmasına zəmin yaradır.
Burada artıq həm hörmətli qonaqlar və həmkarlarımız tərəfindən müxtəlif və maraqlı fikirlər, mövcud problemlər və təkliflər səsləndirildi.
Həmin fikirlərin davamı olaraq turizm sektorunda mövcud olan bəzi problemlərə toxunmaq istəyirəm.
Reallıq bundan ibarətdir ki, Azərbaycanın turizmin potensialı çoxşaxəlidir və bu sahə bir neçə prioritet istiqamət üzrə inkişaf etdirilə bilər.
Həmin istiqamətlərdən bir neçəsinin üzərində dayanmaq istəyərdim.
1. Ekoturizm və kənd turizmi
Quba, Şəki, Zaqatala, Lerik kimi bölgələrimizdə təbii landşaft və etno-mədəni mühit eko-turizm üçün əlverişlidir. Dayanıqlı turizm modellərinin tətbiqi, kənd qonaq evlərinin təşviqi və yerli icmaların prosesə cəlb olunması regionların iqtisadi dirçəlişinə xidmət edə bilər.
2. Təbabət və sağlamlıq turizmi
Azərbaycan nadir müalicə resurslarına malikdir:
Naftalan
Qalaaltı
Duzdağ Müalicə Mərkəzi
Bu istiqamətdə beynəlxalq akkreditasiya, müasir tibbi infrastruktur və xarici sığorta şirkətləri ilə əməkdaşlıq əsas prioritetlər olmalıdır.
3. Mədəniyyət və tarix turizmi
Qədim şəhərlər, tarixi abidələr, dünya irs siyahısına daxil edilmiş irs nümunələri Azərbaycanın mədəni turizm potensialını artırır. Qarabağ regionunun turizm marşrutlarına daxil edilməsi isə ölkəmizin yeni brend istiqaməti ola bilər.
4. İşgüzar turizm
Beynəlxalq forumlar, idman yarışları və mədəni festivallar ölkəmizin tanıdılmasında mühüm rol oynayır. Bu sahədə infrastruktur mövcuddur, lakin daha sistemli marketinq strategiyasına ehtiyac var.
Hörmətli həmkarlar, hörmətli qonaqlar,
Turizmin davamlı inkişafı üçün əlbəttə ki, həm də onun qanunverici və institusional əsasları təkmilləşdirilməlidir.
Bunun üçün, “Turizm haqqında” Qanunun yenilənməsinə və müasir çağırışlara uyğunlaşdırılmasına, turizm reyestrinin və vahid rəqəmsal platformanın yaradılmasına,
turizm fəaliyyətinə dair lisenziyalaşdırma və sertifikasiya mexanizmlərinin sadələşdirilməsinə,
dövlət-özəl sektor tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsinə ehtiyac var.
Eyni zamanda regionlarda fəaliyyət göstərən turizm obyektləri üçün vergi güzəştlərinin tətbiq edilməsi, startap və innovativ turizm layihələrinə dövlət dəstəyinin göstərilməsi, turizm investisiyalarına uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədəiyğun olardı.
Digət tərəfdən turizm ixtisasları üzrə peşə təhsilinin gücləndirilməsi, beynəlxalq təcrübə proqramlarının təşkili, xidmət standartlarının artırılması üçün sertifikasiya proqramlarının təşkili,
Azərbaycanın vahid turizm brendinin formalaşdırılması da vacibdir.
Biz, hər qarışı cənmət olan Azərbaycan adlı diyarımızda, hər kəsin görməyə can atdığı gözəl vətənimizdə, hər gün böyüyən, güclənən ölkəmizdə mövcud turizm imkanlarından strateji, sistemli və uzunmüddətli yanaşma ilə istifadə edərək, turizmi yaxın illərdə qeyri-neft sektorunun əsas lokomotivlərindən birinə çevirə bilərik.
Bu yolda hamımıza uğurlar arzulayıram.










