Millət vəkili Razi Nurullayev yeni təkliflə çıxış etdi
Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda verilən pensiyalar, müavinətlərlə əlaqədar ədalətli hesablamlamaların aparılmaması ilə bağlı narazılıqlara münasibət bildirib.
Deputat açıqlamasında deyib ki, ona daxil olan müraciətlərdə əsas narazılıqlar daha çox 25 illik iş stajının hesablanması ilə bağlıdır.
“Vətəndaşlar bildirirlər ki, bəzi hallarda onların əmək fəaliyyəti tam şəkildə nəzərə alınmır və ya stajın hesablanmasında uyğunsuzluqlar yaranır. Digər istiqamətlər üzrə isə kütləvi və sistemli xarakter daşıyan şikayətlər, demək olar ki, daxil olmur. Bu da onu göstərir ki, problem daha çox konkret bir mexanizmlə bağlıdır və məhz həmin sahədə dəqiqləşdirmə və təkmilləşdirməyə ehtiyac var. Hesab edirəm ki, pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır. İnsanlar illərlə çalışıbsa, onların əməyi düzgün və tam şəkildə qiymətləndirilməlidir. Bu baxımdan, xüsusilə, iş stajının hesablanması mexanizminin daha aydın və vətəndaş üçün başadüşülən formada tətbiqi vacibdir”, – deputat bildirib.










