Millət vəkilləri bu qanunlarda dəyişikliyi müzakirə etdilər
Dekabrın 23-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin sədri iclasın əvvəlində diqqətə çatdırıb ki, sabah Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. O, qeyd edib ki, möhtərəm İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır.
Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Son 22 ildə möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji xətt Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün şəraitinə və qlobal transformasiyaların tələblərinə uyğunlaşdırmağa imkan verib. Möhtərəm İlham Əliyevin dövlət maraqlarımızın qorunmasında prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti Azərbaycanı beynəlxalq birliyin önəmli bir üzvünə çevirib.
Milli Məclisin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması ölkəmizin inkişafında yeni mərhələ açıb.
Spiker qeyd edib ki, möhtərəm cənab Prezidentin sülh diplomatiyasının təntənəsi olan Vaşinqton razılaşmaları milli maraqlarımızın təmin edilməsi yolunda növbəti böyük uğur olub. Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşmalar bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açıb.
Diqqətə çatdırılıb ki, ölkəmizin davamlı iqtisadi inkişafı xalqımızın və dövlətimizin rifahına yönələn möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişən nəhəng quruculuq işləri sürətlə həyata keçirilir. Məcburi köçkün soydaşlarımız mərhələ-mərhələ ata-baba yurdlarına dönürlər.
Ölkəmizin xoşbəxt gələcəyi cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminliklə söyləmək olar ki, möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.
Milli Məclisin sədri Sahibə Qafarova doğum günü münasibətilə möhtərəm Prezidentə Milli Məclis adından təbrik məktubunun ünvanlanmasını təklif edib və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı naminə həyata keçirdiyi dəyərli fəaliyyətində ona uğurlar arzulayıb.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Mübariz Qurbanlı, Asif Əsgərov, Azər Kərimli, Azər Badamov, Sahib Alıyev, Məlahət İbrahimqızı, Nigar Məmmədova, Günay Ağamalı, Vüqar Bayramov, Tural Gəncəliyev, Əminə Ağazadə, Vüqar Rəhimzadə, Bəhruz Məhərrəmov, Ceyhun Məmmədov, Aydın Hüseynov, Aydın Mirzəzadə və Razi Nurullayev çıxış ediblər.
Millət vəkilləri Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edərək, ona ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi təmin edildi, azərbaycançılıq ideologiyası dövlət ideologiyası səviyyəsində təsbit olundu, ölkənin inkişaf istiqamətləri müəyyən edildi. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, cari il avqustun 8-də Vaşinqtonda sülh sazişi paraflanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uzunmüddətli işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda artıq bərpa, quruculuq, məskunlaşma ilə bağlı işlər sürətli şəkildə və uğurla davam edir. Qeyd olunub ki, dövlət başçımızın yürütdüyü siyasət nəticəsində çoxəsrlik düşmənçiliyə, revanşizmə, məkrli oyunlara son qoyulub. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan post-sovet məkanında münaqişələrə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. Humanizm, ədalət, millətlərarası dostluq, mədəni müxtəliflik, tarixilik və müasirliyin vəhdəti ölkə başçısının siyasətində özünün əksini tapır.
Bildirilib ki, bu gün müasir Azərbaycanın inkişaf yoluna nəzər saldıqda, aydın görünür ki, əldə olunan nailiyyətlərin, qorunan sabitliyin, qazanılan uğurların mərkəzində ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, uzaqgörən və qətiyyətli siyasəti dayanır. Sabitlik üzərində qurulan inkişaf modeli, milli maraqlara əsaslanan müstəqil siyasət, güclü iqtisadiyyat və sosial ədalət prinsipi ölkə başçımızın idarəçilik xəttinin əsas sütunlarını təşkil edir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, müasir və hüquqi dövlət kimi mövqeyini daha da möhkəmləndirib. Diqqətə çatdırılıb ki, onun uzaqgörən və prinsipial siyasəti nəticəsində dövlət idarəçiliyində sabitlik təmin edilib, davamlı olaraq islahatlar həyata keçirilir, milli maraqlara əsaslanan strateji inkişaf kursu formalaşıb. Eyni zamanda, qanunvericilik sistemi daha da təkmilləşib, vətəndaşların hüquq və azadlıqlarının təminatı gücləndirilib, dövlət-vətəndaş münasibətlərində şəffaflıq və məsuliyyət prinsipləri ön plana çıxarılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət sayəsində bu gün təhlükəsiz, sabit, dinamik şəkildə inkişaf edən Azərbaycan regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib, beynəlxalq müstəvidə öz strateji əhəmiyyətini artırıb, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
Deputatlar bugünlərdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında imzaladığı Sərəncamı dövlətimizin milli irsə, tarixi yaddaşa müasir inkişaf çağırışları fonunda verdiyi strateji əhəmiyyətin parlaq ifadəsi kimi dəyərləndiriblər. Bu qərarı həm də ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı kimi yüksək qiymətləndiriblər.
Müzakirələr zamanı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində əminliklə ifadə etdiyi “İnanıram ki, mənin axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri bir daha səsləndirilib və ötən müddət ərzində Azərbaycan tarixinə yazılan zəfərlərin, uğurların, inkişafın bu inamın və ümidin reallaşmasının təsdiqi olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı öz Prezidenti ilə fəxr edir və həmişə onun yanındadır.
Sonra Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov plenar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlanıldığını deyib.
Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov gündəliyin ilk məsələsi – “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
O, sənədin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə Əlavə Protokolun məqsədi Azərbaycanda və Türkiyədə fəaliyyət göstərəcək məktəblərin fəaliyyətinə və məktəb binalarının istifadəyə verilməsinə dair prosedur və əsasları müəyyənləşdirmək, bu binaların Sazişə uyğun olaraq Bakı Türk Təhsil Müəssisələri və Azərbaycan tərəfinin açacağı təhsil müəssisəsi üçün təlim-tədris fəaliyyətlərində istifadə olunması məqsədilə çərçivəni tənzimləməkdir.
Bildirilib ki, layihədə Azərbaycan təhsil müəssisələrinin fəaliyyəti, onların istifadəyə verilmə qaydaları, hər iki tərəfin maliyyə öhdəlikləri, binalarda təmir və bərpa işlərinin aparılması şərtləri, bir sıra digər məsələlər ehtiva olunur.
Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov məsələ barədə öz fikirlərini və bəzi qeydlərini açıqlayıb.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə məsələ barədə bu komitənin rəyini söyləyərək qeyd edib ki, sənəd Azərbaycanla Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə, həm milli, həm də regional səviyyədə təhsil sahəsində səmərəli nəticələr əldə edilməsinə imkan verəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra komitə sədri Anar İsgəndərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsindən bəhs edib.
O, nəzərə çatdırıb ki, 2021-ci il 19 fevral tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un 5-ci maddəsinə əsasən razılığa gəlinib. Qeyd edilib ki, qanun layihəsi komitədə müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə məsələyə bu komitədə baxılaraq müsbət rəy verildiyini söyləyib, sənədin peşəkar kadrların hazırlanmasına və təlim-tədris keyfiyyətinin artırılmasına xidmət edəcəyini deyib.
Məsələ ətrafında müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Elçin Mirzəbəyli, Ceyhun Məmmədov öz fikirlərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Daha sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.
O, sənədin Azərbaycanın İslam dünyası ilə əlaqələrinin genişlənməsinə, ölkəmizin siyasi nüfuzunun gücləndirilməsinə, diplomatik imkanlarının genişlənməsinə, işgüzar əlaqələrinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra iclasda üçüncü oxunuşda olan qanun layihələri müzakirə olunub.
Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin həm komitədə, həm də plenar iclasda ətraflı müzakirə edildiyini deyib, sənəd barədə komitənin rəyinin müsbət olduğunu söyləyib və onun səsə qoyulmasını xahiş edib.
Layihədə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı həyata keçirilən müsabiqədə iştirakın ödənişli olması, ödənişin ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmadığı ehtiva olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, məsələyə dair heç bir qeyd və təklifin daxil olmadığını bildirib və sənədin səsə qoyulmasını xahiş edib.
Layihədə Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması, habelə qanunun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərlə bağlı maddəsinə 17.1.5-ci müddəanın əlavə edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb.
O, layihə barədə komitəyə əlavə heç bir təklifin daxil olmadığını söyləyib, sənəddə hakimlərin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, xidməti vəsiqələrin təqdim olunması qaydalarının tənzimlənməsi ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra iclasda ikinci oxunuşda olan qanun layihələrinə baxılıb.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Kamal Cəfərov “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili layihəyə dair birinci oxunuşda geniş məlumat verildiyini, ikinci oxunuş zamanı isə texniki bir düzəlişin olduğunu deyib.
Qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən komitə sədri Zahid Oruc, deputat Rəşad Mahmudov bəzi fikirlərini açıqlayıblar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova sənədi səsə qoyub və qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov gündəliyin səkkizinci məsələsi olan “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Bildirilib ki, layihədə təklif olunan dəyişikliklər sosial cəhətdən həssas əhali kateqoriyasının – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini, o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərin daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı rüsumdan azad olunmalarını müəyyən edir.
Sənədin müzakirəsində komitə sədri Siyavuş Novruzov, deputat Razi Nurullayev çıxış ediblər. Komitə sədri Azər Əmiraslanov onların qaldırdığı məsələlərə aydınlıq gətirəndən sonra layihə ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ – Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.
O, bildirib ki, layihə vergi rezidentliyinin müəyyən olunması üçün Vergi Məcəlləsində müvafiq dəyişikliyin edilməsini nəzərdə tutur və dəyişikliklər barədə birinci oxunuşda ətraflı məlumat verilib. Sənədlə bağlı heç bir irad və təklif bildirilməyib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə təklif edilən dəyişikliklər dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra yeni tənzimlənmə məsələləridir.
Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov bu komitələrin rəylərini açıqladıqdan sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov təqdim edib.
O, sənədin birinci oxunuşundan danışıb, müzakirədə qaldırılan məsələlərə aydınlıq gətirib. Bildirilib ki, layihə yerli əmək münasibətlərinin spesifikası nəzərə alınmaqla beynəlxalq əmək normalarının milli qanunvericiliyə implementasiyası, bu sahədə elektron sistemlərin tətbiqi ilə əlaqədar yeni qaydaların təsbiti, eləcə də ötən dövr ərzində əmək qanunvericiliyində aşkar edilmiş boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bu komitələrin qanun layihəsi barədə rəylərini açıqlayıblar.
Deputat Pərvanə Vəliyevanın məsələ barədə fikirləri dinlənildikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.










