Azərbaycan xalqı tarix boyunca müstəqillik uğrunda mübarizə aparmış və hər zaman dövlətçilik əzmini qorumuşdur. Dövlət Suverenliyi Günü xalqımızın iradəsini, qəhrəmanlıq salnaməsini və milli birliyini nümayiş etdirir. Həmin gün ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün sarsılmaz olduğunu göstərir.

1990-cı illərin əvvəllərindən Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüz həyata keçirmişdir. Nəticədə torpaqlarımızın beşdə biri – Qarabağ və ətraf rayonlar uzun illər işğal altında qalmışdır. Bu dövrdə yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə isə ciddi zərər dəymişdir. Qonşu dövlətin işğalçı siyasəti yalnız ərazi itkisinə səbəb olmayıb, həm də milli kimliyimizə, dövlətçiliyimizə və xalqımıza qarşı davamlı və təhlükəli təhdid yaratmışdır.

Beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, işğal uzun illər ərzində davam etmiş, beynəlxalq hüquq isə kağız üzərində qalmışdır. Bu qanunsuz hərbi fəaliyyətlər nəticəsində yaranmış humanitar və siyasi böhran Azərbaycan xalqının ərazi bütövlüyünü, hüquq və azadlıqlarını qorumaq istiqamətində ciddi çağırışlara çevrilmişdir. Həmin dövr xalqımızın iradəsinin, dövlətçiliyə bağlılığının və milli mübarizəsinin ön plana çıxdığı bir mərhələ olmuşdur. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmiş, tarixi ədalətin bərpası uğrunda aparılan davamlı mübarizə və dövlətimizin suverenliyinin təmin olunması istiqamətində atılan hər addım xalqımızın birlik və əzmini nümayiş etdirmişdir. Bu dövr ölkəmiz üçün yalnız ərazi və hüquq müstəvisində deyil, eyni zamanda milli kimliyin qorunması və dövlətçilik ənənələrinin davam etdirilməsi baxımından da mühüm mərhələ hesab olunur.

Azərbaycanın müasir tarixində İkinci Qarabağ müharibəsi xalqımızın dövlətçilik və suverenlik uğrunda apardığı mübarizənin parlaq təcəssümünə çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı ordumuz əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, ordumuzun döyüş qabiliyyətini və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Müharibənin nəticəsi olaraq işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi.

Müharibədən sonra Azərbaycan qarşısına çıxan təhlükələri də qətiyyətlə aradan qaldırdı. Erməni separatçılarının fəaliyyəti və Laçın dəhlizi üzərindən silah daşınması təhlükəsi dövlətin suverenliyinə birbaşa təhdid yaradırdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda yaradılan nəzarət-buraxılış məntəqəsi Azərbaycan dövlətinin bütün sərhədlərində nəzarətini təmin etdi. Həmin il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində qondarma rejim özünü buraxdı və ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin olundu. Bu əməliyyat milli iradənin qələbəsi, dövlətçiliyin möhkəmlənməsi və tarixi ədalətin bərpası baxımından mühüm hadisələrdir.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Həmin qərar Azərbaycan tarixində dərin mənaya malikdir, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi sahəsində yeni mərhələnin başlanğıcını təcəssüm etdirir. Bu amillər xalqın uzun illər boyunca apardığı mübarizənin dövlət səviyyəsində rəsmi təntənəsi kimi dəyərləndirilir. Azərbaycan bu gün dünyada müstəqil siyasət yürüdən, milli maraqlarını hər şeydən üstün tutan, heç bir güc mərkəzinə tabe olmayan suveren dövlət kimi tanınır. 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü elan olunması ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsinə töhfə verir. Çünki həmin addım Azərbaycanın dövlətçilik ənənələrinin sabit və dayanıqlı olduğunu göstərir, beynəlxalq ictimaiyyətə açıq mesaj verir: xalqımız öz müstəqilliyini daim qoruyacaq və gələcək nəsillərə əmanət edəcək. Bu amillər dövlətimizin beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiqliyini, suverenlik və ərazi bütövlüyü məsələlərində güzəştə getməyəcəyini nümayiş etdirir. Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətmizin başçısı bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə bu nailiyyətlərin hüquqi və siyasi təməlini bir daha vurğulayır. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə bu əsasların həyata keçirilməsini təmin edir. Artıq Azərbaycan bütün sahələrdə tam suverenliyə malikdir, ərazi bütövlüyü təmin edilmişdir və daxili sabitlik möhkəmlənmişdir. Bu, yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillər üçün dövlətçilik nümunəsi, milli birlik və həmrəyliyin bir təzahürüdür.

Beləliklə, Vətən müharibəsi, sonrakı tədbirlər və dövlət suverenliyinin bərpası Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Tarixi uğurlar dövlətçiliyə bağlılığın və xalqımızın əbədi qəhrəmanlıq ənənələrinin parlaq ifadəsidir. Hər bir azərbaycanlı üçün bu amillər həm vətənpərvərlik, həm də milli qürur mənbəyidir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər