media-shahin

 

Azərbaycan xalqının dövlətçilik tarixində 1918-ci il mayın 28-i əbədi yaşayacaq müqəddəs bir tarixdir. Həmin gün yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, bütün Şərqin ilk demokratik parlament respublikası idi. Bu hadisə xalqımızın əsrlər boyu davam edən azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli şüurunun və siyasi düşüncəsinin formalaşmasının nəticəsi idi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda milli maarifçilik hərəkatı güclənmiş, ziyalılarımız xalq arasında azadlıq ideyalarını yaymışdılar. Həmin dövrdə Azərbaycan xalqı artıq milli dövlət qurmaq arzusu ilə yaşayırdı.

İstiqlal Bəyannaməsinin qəbul olunması Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu sənəd Azərbaycan xalqının müstəqil yaşamaq iradəsini bütün dünyaya bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət prinsiplərinə əsaslanaraq hüquqi, dünyəvi və parlamentli idarəçilik sistemi qurdu.

Cümhuriyyətin fəaliyyəti dövründə çox mühüm dövlətçilik addımları atıldı. İlk parlament yaradıldı, dövlət bayrağı təsdiq edildi, milli ordu quruldu, dövlət dili müəyyənləşdirildi. Parlamentdə müxtəlif siyasi qüvvələrin təmsil olunması Azərbaycanda siyasi plüralizmin formalaşdığını göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindən biri də milli ordunun yaradılması idi. Milli ordu ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadı. Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğalçılardan azad edilməsi Azərbaycanın dövlətçilik tarixində böyük qəhrəmanlıq nümunəsi idi.

Təhsil sahəsində həyata keçirilən islahatlar xalqın maariflənməsinə xidmət edirdi. Ana dilində təhsilin təşkili milli mədəniyyətin inkişafında mühüm rol oynadı. Bakı Dövlət Universitetinin yaradılması isə Azərbaycan xalqının intellektual potensialının gücləndirilməsi baxımından tarixi hadisə idi.

Xalq Cümhuriyyəti dövründə diplomatik fəaliyyət də genişləndirilmişdi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanındı. Bu proses ölkəmizin beynəlxalq münasibətlər sisteminə daxil olmasına şərait yaratdı.

Lakin 1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Buna baxmayaraq, xalqımızın istiqlal ruhu sarsılmadı. Müstəqillik ideyası sovet dövründə də xalqın qəlbində yaşadı.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə ölkədə ağır siyasi və iqtisadi böhran hökm sürürdü. Ermənistanın təcavüzü və daxili qarşıdurmalar dövlətçiliyimizi təhlükə altına qoymuşdu.

Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlət idarəçiliyi möhkəmləndirildi, iqtisadi inkişafın əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinə həmişə böyük hörmətlə yanaşırdı. 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qaldırılması milli dövlətçilik tariximizin mühüm hadisələrindən biri oldu. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, yubiley komissiyasının yaradılması dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkəmiz regionun ən güclü dövlətlərindən biridir. İqtisadi inkişaf, siyasi sabitlik və güclü ordu Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər isə Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Qarabağda dalğalanan üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi xalqımızın qürur mənbəyinə çevrilib. 28 May – Müstəqillik Günü Azərbaycan xalqının azadlıq idealının və dövlətçilik iradəsinin təntənəsidir. Bu tarix xalqımızın milli birliyini və müstəqil dövlət qurmaq əzmini nümayiş etdirən müqəddəs bayramdır.

Milli Məclisin deputatı

Şahin Seyidzadə


media-728x90banner

Bənzər xəbərlər