Milli Qurtuluş iki əsrlik savaşın qalibi olmaqdır
“15 İyun milli siyasi təqvimdə yalnız 1993-cü ilin hadisələri ilə bağlı deyil – çarizmdən Cümhuriyyətə, Sovetlərdən müstəqilliyə qədər yüz ilin tarixiləşən simvoludur”.
XALQ xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“Heydər Əliyevin Kremldən Bakıya, oradan Naxçıvana, nəhayət 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir. 1990-cı illərdə bir yazıçı parlament tribunasından “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” demişdi. Halbuki Qarabağ yalnız indi – təkcə işğaldan yox, həm də milli dövlətçiliyimiz üçün iki əsrlik minaya çevrilməsinə son qoyulandan sonra – həqiqətən də heç vaxt indiki qədər bizim olmayıb. Bəli, “erməni məsələsi” Azərbaycan coğrafiyasından kənara çıxarılıb.
Lakin təkcə azad Qarabağ yox, həm də Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb. Bakı da, neft də, torpaqlar da, bayraq da – bir sözlə, müstəqil dövlətin sahibi xalqımızdır. Azadlıq təkcə sovetlərdən xilas, yaxud 1993-cü ilin xaosundan qurtulmaq deyil, əsl Milli Qurtuluş iki əsrlik savaşın qalibi olmaqdır.
Prezident torpaqlarımızın azadlığından danışanda “mənim dövrümdə yetişən vətənpərvər gənclik” sözünü qürurla vurğulayır. Həqiqətdir. Lakin tarixə ədalətlə baxsaq, 1990-cı illərdə Ermənistanın təcavüzünə qarşı vuruşan oğullar da məhz Heydər Əliyevin sovet Azərbaycanında formalaşdırdığı nəsildir. Onlar məğlub olmadılar. Uduzan rəhbərlər idi.
Hər iki Qarabağ müharibəsi mahiyyətcə vahid bir savaşdır. Birincisi yarımçıq qalmışdı: çünki Ali Baş Komandansız idi. İkincisi İlham Əliyevin liderliyi ilə qalibiyyətlə başa çatdı: hər iki nəslin birgə iradəsindən Qələbə bayrağı ucaldı.
Biz Qurtuluşdan Zəfərə gələrək məğlubiyyət və işğala son qoyduq, imperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən, ömürlük köçkünlükdən əbədi xilas olduq”, – komitə sədri qeyd edib.










