Minsk Qrupu ləğv olunur
Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət etməsi Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcını ifadə edir.
XALQ xəbər verir ki, bu addım, faktiki olaraq, uzun illər regionda status-kvonun qorunması üçün vasitəyə çevrilmiş, lakin real nəticə verməyən bu institutun tarixin arxivinə göndərilməsi deməkdir.
Minsk Qrupu artıq illərdir ki, de-fakto mövcud deyildi. 2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü təmin etdi və münaqişənin hərbi-siyasi yolla həlli reallığa çevrildi. Lakin qurumun rəsmən ləğvi, keçmiş “Dağlıq Qarabağ” məsələsinin beynəlxalq gündəlikdən sənədli şəkildə çıxarılması anlamına gəlir. Bu isə həm hüquqi, həm də siyasi baxımdan müstəsna əhəmiyyət daşıyır.
Ermənistan siyasətində revanşizmin iflası
Minsk Qrupunun ləğvi Ermənistanda və erməni diasporunun daxilində uzun müddət qidalanan revanşist ümidlərə ağır zərbə vurur. Ermənistanın keçmiş prezidentləri – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan kimi siyasi fiqurlar illərlə “status” danışıqlarını uzadaraq, işğal faktını qorumağa çalışıblar. İndi isə həmin qüvvələrin əlində siyasi və diplomatik “tutacaq” qalmır.
Bu vəziyyət Ermənistan cəmiyyətində yeni reallığı qəbul etməyə məcbur edəcək. Siyasi ritorikada “Qarabağ məsələsi” artıq manevr aləti kimi istifadə oluna bilməyəcək, çünki beynəlxalq hüquq müstəvisində bu mövzu bağlanmış hesab ediləcək.
Azərbaycan üçün bu proses ikiqat qələbədir. Birincisi, münaqişə diplomatik sənədlərdə də tam olaraq bağlanır və gələcəkdə heç bir ölkə və ya beynəlxalq qurum bu məsələni “yenidən canlandırmaq” üçün əsas tapa bilmir. İkincisi, Minsk Qrupunun ləğvi, regionda postmünaqişə mərhələsinin tam şəkildə başlanması üçün mühüm psixoloji baryeri aradan qaldırır.
Azərbaycan artıq öz suverenliyini tam bərpa etmiş dövlət kimi yeni geosiyasi layihələrə fokuslana, regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün təşəbbüslərini sürətləndirə bilər.
Böyük güclərin rolu və Qafqazın gələcəyi
Minsk Qrupunun tarixi fəaliyyətinə nəzər saldıqda, onun əsas həmsədrləri – ABŞ, Fransa və Rusiya arasında Cənubi Qafqazda nüfuz uğrunda gizli rəqabət görmək mümkündür. Lakin indi tərəflərin birgə müraciəti bu rəqabət platformasını da ortadan qaldırır.
Minsk Qrupunun ləğvi yalnız formal qərar deyil, həm də Cənubi Qafqazın gələcək siyasi xəritəsini dəyişdirən strateji hadisədir. Azərbaycan üçün bu, diplomatiya və milli maraqların qorunması baxımından mühüm bir tarixi mərhələdir.