MSK hər namizədə 6 saat efir vaxtı ayırdı
Prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb. SİA-nın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, hər namizədə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat efir vaxtı ayrılacaq. Bu 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq.
N. Məmmədov əlavə edib ki, televiziyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.
Efir vaxtının bölgüsü məqsədilə sentyabrın 16-da püşkatma keçiriləcək.
İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə 13 mindən artıq, dairələr çərçivəsində isə 10.776 müşahidəçi qeydə alınıb.
Qeyd edək ki, iclasda Niyaməddin Orduxanlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının məşvərətçi səs hüquqlu üzvü təsdiq olunub.











