Bu müəllimlərin maaşı artacaq
Büdcə sənədi ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinə və qarşıda duran çağırışlara uyğun şəkildə hazırlanıb. Növbəti il üçün təhsil xərcləri 5 milyard manat nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 78 milyon manat, 2024-cü ilin icrası ilə müqayisədə isə 625 milyon manat artıqdır.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq təhsilin bütün pillələrində keyfiyyətin artırılması əsas prioritetlər sırasındadır. 2026-cı ilin büdcəsində bütün bu istiqamətlər üzrə vəsaitlərin artırılması nəzərdə tutulur.
Deputat onu da vurğulayıb ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin maaşlara əlavələr ödənilməsi məqsədilə 212 milyon manat ayrılıb:
“Xaricdə təhsil” dövlət təqaüd proqramları və ikili diplom layihələrinin də maliyyələşdirilməsi və müddəti artırılıb. Bu, gənclərin keyfiyyətli təhsil imkanlarını genişləndirmək məqsədi daşıyır”.
Fariz İsmayılzadə əlavə edib ki, 2026-cı il dövlət büdcəsi layihəsində elm xərcləri üçün 228 milyon manat vəsait proqnozlaşdırılır. Bu da 2022-ci il ilə müqaisədə 61 mln manat və ya 36 faiz artım deməkdir.











