Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri qəbul olunub.

 XALQ.AZ məlumat bu gün  keçirlən  iclasda  “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri təqdim edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumatında bildirib ki, Dövlət sosial müdafiə fondunun növbəti il üçün büdcəsi gəlir və xərcləri bərabər olmaqla 7,7 milyard manat nəzərdə tutulur və bu cari illə müqayisədə 10,5 faiz çoxdur. İşsizlikdən sığorta fondunun büdcəsi gəlir və xərcləri bərabər olmaqla 261 milyon manat nəzərdə tutulur və bu cari illə müqayisədə  9,5 faiz çoxdur.

Komitə sədri, dövlət büdcəsinin də sosialyönümlü olduğunu qeyd edərək, bunun növbəti ildə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verəcəyini, aztəminatlı insanların sosial müdafiəsini gücləndirmək üçün büdcədə etibarlı maliyyə təminatının yaradılacağını deyib. O, qeyd edib ki, 2025-ci ilin büdcəsi habelə minimum əməkhaqqının, minimum pensiyaların məbləğinin artırılmasına da şərait yaradacaq. Belə ki, növbəti ildə əmək pensiyalarının orta məbləği 535 manata, yaşa görə pensiyaların orta məbləği  571 manata çatacaq. Bildirilib ki, eyni zamanda, 2025-ci ildə İşsizlikdən sığorta fondunun büdcəsinin böyük əksəriyyəti, yəni 55 faizi aktiv məşğulluq tədbirlərinə yönələcək və bu çərçivədə özünəməşğulluq layihəsi də davam etdiriləcək. Habelə, növbəti ildə peşə hazırlığına diqqət artırılacaq, DOST xidmətinin fəaliyyəti genişləndiriləcək.

Həmçinin  parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənədin bu komitə tərəfindən dəstəkləndiyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb. Komitə sədri layihədə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakterli düzəlişlərin edildiyini söyləyib. O, sənəd barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, komitəyə heç bir əlavə təklifin daxil olmadığını, layihənin mətnində dəyişikliyin edilmədiyini deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər