Musa Quliyev Qanunda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi
Oktyabrın 22-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə danışıb. O, layihə ilə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, ikinci oxunuşda komitəyə əlavə təklifin daxil olmadığını, mətndə heç bir dəyişikliyin edilmədiyini deyib və sənədin dəstəklənməsini xahiş edib.
Layihə sosial ödənişlərin təyin olunması və bunun hüquqi əsaslarının mütəmadi olaraq təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə hazırlanıb. Sənəddə daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılma məqsədilə sözügedən kateqoriyadan olan uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif olunur.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini açıqlayaraq, ölkəmizdə həssas qrupa aid olan insanların hüquqlarının qorunmasının, onların sosial müdafiəsinin gücləndirilməsinin hər zaman prioritet məsələlərdən olduğunu, bu sahədə qanunvericiliyin davamlı olaraq təkmilləşdirildiyini vurğulayıb.
Məsələ ətrafında müzakirələrdə deputatlar Razi Nurullayev və Arzuxan Əli-zadə çıxış ediblər. Komitə sədri Musa Quliyev millət vəkillərinin səsləndirdiyi sualları cavablandırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.










