Aprelin 10-da  Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda  Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı  hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Bu məqsədlə Əmək Məcəlləsinin 4 maddəsinə 6 dəyişiklik təklif olunur. Məcəllənin 48-ci maddəsinin 5-ci bəndinə 5-2 və 5-3 yarımbəndləri əlavə edilir. Yeni müddəalarda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş  tibbi müayinə haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb.

Habelə, dəyişikliyə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olduğu müəyyən edilən şəxslə əmək müqaviləsinin bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.

“Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsinə də uyğunlaşma xarakterli “işçinin davranışında narkotik maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda dərhal, işəgötürənin vəsaiti hesabına narkoloji müayinədən keçməsi” müddəası əlavə olunub.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib.

Müzakirədə komitə sədri Siyavuş Novruzovun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Həmçinin  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.

Komitə sədri bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə  bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

O, diqqətə çatdırıb ki, təqdim olunan layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Belə ki, Məcəllədə işəgötürənin vəzifələrini nəzərdə tutan 12-ci maddənin “g” bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.

Eyni zamanda,  Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, sənəddə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Belə ki, Qanunun yeni redaksiyada təqdim edilən 9.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabər dəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.

Musa Quliyev deyib ki, bu qanun layihəsinin qəbul edilməsi, ölkəmizdə əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazasının daha da təkmilləşməsinə, Azərbaycanın beynəlxalq reytinqinin yüksəlməsinə xidmət edəcək.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb. O, bildirib ki, Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Bərabər dəyərli əməyə görə kişi və qadın işçilərin bərabər ödənişi haqqında” 100 nömrəli Konvensiyasına və digər normativ hüquqi aktlara əsasən, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Həmin sənədlər əməkhaqqı ilə bağlı gender ayrı-seçkiliyinin aradan qaldırılmasına xidmət edir və bu prinsipi həyata keçirmək üçün bərabər dəyərli işin obyektiv qiymətləndirilməsi aparılmalıdır.

Komitə sədri qeyd edib ki, ölkəmizdə kişi və qadınların orta əməkhaqqı fərqinin aradan qaldırılması üçün mühüm islahatlar həyata keçirilir. Vətəndaşların məşğulluq məsələsi, onların layiqli işlə təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. İşsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması, əməyin qiymətləndirilməsi prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə müsbət nəticələr əldə edilib.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Elçin Mirzəbəyli və Günay Ağamalı bəzi qeyd və fikirlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.


media-728x90banner

Bənzər xəbərlər