“National Prime Hospital”da nağdsız ödəniş qəbul etmirlər?
““National Prime Hospital” adlı klinika ilə bağlı şikayətimi bildirmək istəyirəm”. “Dia-az” xəbər verir ki, bu barədə Aylin Elçin adlı sosial şəbəkə istifadəçisi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: “Dünən (srağagün nəzərdə tutulur -red.) bizə həmin klinikada əməliyyat günü təyin olunmuşdu. Əməliyyat ödənişini kartla həyata keçirməyi planlaşdırmışdıq.
Ödəniş üçün kassaya yaxınlaşdıq. Orada bizə ödənişi yalnız nağd şəkildə qəbul etdiklərini bildirdilər. Halbuki, terminal qarşımızda idi. Terminal nə üçün olduğunu soruşanda isə, digər ödənişlər üçün olduğunu bildirdilər və səbəbini “orada həkimin xərcləri var” dedilər.
Əməliyyat üçün ödənişi posterminal vasitəsi ilə qəbul etməyə dəfələrlə imtina etdilər. Bizə dedilər ki, başqa kabinetə qalxmalıyıq, oradan icazə almalıyıq. Pasient niyə ödəniş etmək üçün xüsusi bir icazə almalıdır? Əgər bir klinika xəstəyə uyğun olanı yox, özlərinə sərf edəni edirsə, bu artıq çox şeyi deyir. Xəstəyə bu cür yanaşma tibbi xidmətdə qəbuledilməzdir. Əgər başlanğıcda belədirsə, əməliyyat və ümumi tibbi proses zamanı münasibət necə olacaq sualı yaranır?