media-ulvi

Bu il Azərbaycan dövlətçiliyi üçün mühüm tarixi hadisə — Naxçıvan Muxtar Respublikasının yaranmasının 102 illiyi qeyd olunur. Bir əsrdən artıq bir dövrü əhatə edən bu tarix təkcə inzibati-siyasi statusun formalaşması deyil, həm də milli iradənin, tarixi ədalətin və Azərbaycan dövlətçiliyinin davamlılığının parlaq ifadəsidir.

 

Naxçıvan əsrlər boyu mürəkkəb geosiyasi proseslərin mərkəzində olub. Xüsusilə Çar Rusiyası dövründə imperiya maraqları altında regionun inzibati parçalanması, demoqrafik tarazlığın pozulmasına yönəlmiş siyasətlər və süni idarəetmə mexanizmləri Naxçıvanın gələcək taleyi üçün ciddi təhlükələr yaratmışdır. Buna baxmayaraq, yerli əhali milli kimliyini, dilini və mədəniyyətini qoruyaraq tarixi Azərbaycan torpağı üzərində varlığını davam etdirmişdir.

 

XX əsrin əvvəllərində imperiyanın süqutu və bölgədə yaranmış siyasi xaos Naxçıvan üçün daha mürəkkəb mərhələnin başlanğıcı oldu. 1918–1920-ci illərdə Naxçıvanın Ermənistan ərazisinə birləşdirilməsi cəhdləri, silahlı toqquşmalar və beynəlxalq müzakirələr fonunda bu qədim Azərbaycan torpağının taleyi ciddi təhlükə altına düşmüşdü. Məhz bu mürəkkəb tarixi şəraitdə xalqın qəti iradəsi və beynəlxalq hüquqi mexanizmlər nəticəsində Naxçıvanın Azərbaycanla bağlılığı qorunub saxlanıldı.

 

Sovet dövründə Naxçıvan Muxtar Respublikası rəsmi olaraq muxtariyyət statusuna malik olsa da, mərkəzləşdirilmiş idarəetmə sistemi bu statusun real məzmununu məhdudlaşdırırdı. Nəqliyyat əlaqələrinin zəifliyi, iqtisadi blokada xarakterli məhdudiyyətlər və mərkəzin birtərəfli qərarları muxtar respublikanın sosial-iqtisadi inkişafını ləngidirdi. Buna baxmayaraq, Naxçıvan öz muxtariyyət statusunu və milli xüsusiyyətlərini qorumağı bacardı.

 

Naxçıvanın taleyində Heydər Əliyevin rolu xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Sovet dövründə yüksək dövlət vəzifələrində çalışdığı illərdə regionun maraqlarını daim diqqətdə saxlamış, sosial-iqtisadi və mədəni inkişafının təmin olunması üçün prinsipial mövqe nümayiş etdirmişdir. Onun siyasi nüfuzu və qətiyyəti nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunmuş, tarixi-coğrafi kimliyi siyasi manipulyasiyaların qurbanına çevrilməmişdir.

 

Xüsusilə 1990–1993-cü illərdə Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyətə qayıdışı muxtar respublikanın taleyində dönüş nöqtəsi oldu. Bu dövrdə Naxçıvanda milli dövlətçilik atributları bərpa edildi, üçrəngli Azərbaycan bayrağı rəsmi şəkildə qaldırıldı və muxtar respublika müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi dayaqlarından birinə çevrildi. Bu mərhələ təkcə Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycanın müstəqillik tarixində həlledici rol oynadı.

 

Bu gün Naxçıvan Muxtar Respublikası, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib, nəqliyyat infrastrukturu yenilənib, sosial və istehsal obyektləri istifadəyə verilib.

 

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət sayəsində Naxçıvanın uzun illər üzləşdiyi nəqliyyat və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycanla nəqliyyat və kommunikasiya xətlərinin açılması muxtar respublikanın inkişafına yeni nəfəs verəcək, onun tranzit, logistika və istehsal potensialını əhəmiyyətli dərəcədə artıracaqdır. Xüsusilə TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində formalaşan yeni nəqliyyat dəhlizi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirərək uzun illər davam edən nəqliyyat təcridinə son qoyacaq və onun vahid iqtisadi məkandakı rolunu gücləndirəcəkdir.

 

Naxçıvan Muxtar Respublikasının 102 illik tarixi göstərir ki, muxtariyyət statusu təsadüfi qərar deyil, tarixi zərurətin və milli iradənin nəticəsidir. Bu status əsrlər boyu xarici təzyiqlər və siyasi sınaqlar qarşısında Azərbaycan dövlətçiliyinin qorunmasına xidmət edib. Bu gün qeyd olunan yubiley keçmişə ehtiramla yanaşı, gələcəyə inamın, dövlətçilik məsuliyyətinin və milli birliyin təcəssümüdür.

 

Naxçıvan Muxtar Respublikası dünən olduğu kimi bu gün də Azərbaycan dövlətinin siyasi iradəsinin, tarixi davamlılığının və milli birliyinin canlı rəmzi olaraq inkişaf yolunu inamla davam etdirir.

 

Ülviyyə Həmzəyeva

 Milli Məclisinin deputatı 

 


media-728x90banner

Bənzər xəbərlər