Nazir generalı rəis təyin etdi
Gəncə Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.
XALQ.AZ xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə şəhər BPİ-yə rəis təyin edilib.

T. Hacıyev sabah kollektivə təqdim ediləcək.
Hacıyev Teymur Kamil oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib.
2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Hacıyevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər BPİ rəisi Əkbər İsmayılov paytaxt polisinə rəis təyin olunmuşdu.