Neft Fondunun maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi
Azərbaycanın milli neft strategiyasının banisi:
“Mənim məqsədim Neft Fondunu Azərbaycanın gələcək nəsilləri üçün saxlamaqdır”
Heydər Əliyev, Ümummilli lider.
ARNDF tərəfindən maliyyələşdirilən layihələrin ölkə iqtisadiyyatına töhfəsi
Həmişə neft mövzusunda yazı hazırlayanda, ilk öncə neft maqnatlarımız, Azərbaycanın dünyaşöhrətli övladları – Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Əjdərbəy Aşurbəyov, İsabəy Hacınski, Murtuza Muxtarov kimi tanınmış xeyriyyəçilərlə yanaşı, ümummilli liderimiz, uzaqgörən siyasi xadim, müasir Azərbaycanımızın memarı, qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi xatırlayıram. Bu isə səbəbsiz deyil. Çünki ulu öndərimiz Azərbaycanın inkişafı naminə vaxtilə böyük əmək sərf etmiş xeyriyyəçilərimiz qədər, yəni xalqımızın rifahı, onun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması uğrunda genişmiqyaslı işlər görmüşdür. Ulu öndərimizin irəli sürüb reallaşdırdıığı təkcə elə neft strategiyası dediklərimizin isbatıdır. Bu strategiya yalnız ötən illəri deyil, bu günümüzü, sabahımızı, gələcəyimizi əhatə edir.Məhz onun təsis etdiyi Neft Fondu Azərbaycanımızın iqtisadi inkişafına böyük töhfələr verir, gələcəyə etibarlı zəmin yaradır.
Bəli, Heydər Əliyev vaxtilə Neft Fondunu təsis etməklə dövlət əhəmiyyətli tarixi bir ilkə imza atmışdır. Onun bu baxımdan ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə “Dövlət Neft Fondunun yaradılması haqqında” 29 dekabr 1999-cu il tarixli Fərmanı böyük rola malik oldu. Yaradılan Fond artıq həm ölkədaxili, həm də beynəlxalq aləmdə yüksək səviyyədə tanınmış, şəffaflığın təmini yönündən başqa dövlət qurumları ilə təcrübə mübadiləsi aparan, öz təcrübəsini bölüşən bir qurumdur.
Neft Fondu xarici ölkələrin təcrübəsindən, eləcə də, beynəlxalq maliyyə təşkilatlarının məsləhətlərindən istifadə edilərək, eyni zamanda yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınaraq yaradılmışdır.
Məlumat üçün bildirək ki, ARNDF tərəfindən maliyyələşdirilən layihələr ölkə iqtisadiyyatına böyük töhfələr vermis, Fonddan ayrılan vəsaitlər hesabına (Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 297,9 mln. manat, qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli – 2 102,7 mln., Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi – 779,6 mln., Samur-Abşeron kanalının rekonstruksiya edilməsi –1 379,6 mln., Dövlət büdcəsinə transferlər – 77 617,0 mln., Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi – 90,0 mln., “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsi – 572,4 mln., “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsi – 205,4 mln., AÇG üzrə layihədə ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsi – 87,6 mln., “STAR” neft emalı kompleksinin tikintisi – 1 663,3 mln., “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi – 1 530,3 mln. manat və s.) xalqımızın sosial-iqtisadi həyatında çox böyük önəm, əhəmiyyət daşıyan dövlət əhəmiyyətli işlər görülmüşdür.
Respublikamız öz müstəqilliyinə qovuşduqdan sonra, ötən əsrin 90-cı illərinin əvvəllərində hər sahədə olduğu kimi, iqtisadi sahədə də ağır günlərini yaşadı; SSRİ-nin keçmiş respublikaları ilə iqtisadi əlaqələrin kəsilməsi, geriləyən sosial-iqtisadi, siyasi şərait neft və qaz sənayesinin böhran dövrü və s. Ölkəmizdə hökm sürən ağır durum isə neft yataqlarının (“Azəri”, “Çıraq”, “Günəşli” və s.) işləməsinə əngəl törədirdi. Neft sənayesində yaranmış bu durumu aradan qaldırmaq üçün Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etdi; qısa bir zaman kəsiyində “Yeni neft strategiyası” işlənib hazırlandı. Yataqların işə salınması üçün xarici şirkətlər danışıqlara cəlb olundu. Beləliklə, 1994-cü il sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi – “Əsrin müqaviləsi” imzalandı.
Tarixi zərurətdən irəli gələrək vaxtilə imzalanmış “Əsrin müqaviləsi” yerli neft strategiyasının Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında, ölkə iqtisadiyyatının dirçəldilməsinə xidmət edən müqavilələrdən biridir; dünyanın aparıcı şirkətlərində ölkəmizin neft sənayesinə maraq oyandı, iqtisadiyyata xarici investisiyaların axını başladı. Neft strategiyasının reallaşması ölkədə köklü iqtisadi islahatların aparılması, həyata keçirilməsi üçün də əlverişli zəmin hazırladı. 1995-ci ildən etibarən Azərbaycanda makroiqtisadi sabitliyin təmini baxımından önəmli irəliləyişlər baş verdi. Dünya çapında ən nüfuzlu neft şirkətləri ilə bağlanan müqavilələr dediklərimizin sübutu olaraq göz önündədir. Neft-qaz sazişləri, iqtisadiyyata böyük miqdarda xarici investisiya axını… bütün bunlar Azərbaycanımızın iqtisadi qüdrətinin artmasına təkan verdi. Azərbaycanda neft ehtiyatlarının xarici bazarlara etibarlı nəqlini təmin edən infrastruktur sistemi yaradıldı.Vaxtilə ulu öndərimiz neft strategiyanın əsas hədəflərini nəzərdə tutaraq demişdir: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur”.
Milli neft strategiyamızın banisi, əbədiyaşar liderimiz Heydər Əliyevin bütün sahələrin inkişafında olduğu kimi, neft sahəsində də yürütdüyü bu uzaqgörən siyasətini bu gün onun davamçısı, tarixi Zəfərimizin öndəri, Ali Baş Komandanımız İlham Əliyev qətiyyətlə və uğurla davam etdirir.
“Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaqdır. Bu bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər səmərəli idarə olunsun və hər bir Azərbaycan vətəndaşı bunu öz gündəlik həyatında hiss etsin” söyləyərək hər zaman dünyanın yüksək tribunalarında, kürsülərində Azərbaycanımızın haqq səsini dünyaya çatdıran, hədəfə vuran çıxışlarıyla ölkəmizin mənafeyini qoruyan hörmətli prezidentimiz İlham Əliyev həmişə xalqını, onun hər bir vətəndaşının yaşayış tərzini, rifah halını düşünür.
Onu da vurğulayaq ki, istənilən sahədə uğura imza atmaq üçün, o sahədə, əlbəttə ki, öncə, şəffaflıq təmin olunmalıdır. Bu mənada Neft Fondunun fəaliyyətində şəffaflıq bu qurumun beynəlxalq müstəvidə uğur qazanmasına, yeni-yeni nailiyyətlər qazanmasına imkan verib.
“Əsrin müqaviləsi”ndən sonra dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin bağlanması, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsinin 2050-ci ilədək uzadılması, “Cənub qaz dəhlizi”nə maraq göstərən ölkə və şirkətlərin sayının getdikcə artması ölkəmizin uğuru sırasına daxil olan faktlardandır.
Qərbin qabaqcıl texnika-texnologiyasının, yeni texniki avadanlıqların Azərbaycana gətirilməsi isə yeni neft strategiyasının həyata keçirilməsinin əsas uğurlarından biridir.
Qalib Azərbaycanımızın düşmən tapdağından qurtulmuş ərazilərində aparılan bərpa-quruculuq, abadlıq işlərində də Dövlət Neft Fondunun müstəsna rolu danılmazdır. Fond respublikamızın demək olar ki, bütün sahələrinə öz maddi dəstəyini göstərir, ölkəmizin inkişafı, tərəqqisi, iqtisadi baxımdan dünya miqyasında tanınması, inkişaf etmiş ölkələr sırasına çıxması üçün əlindən gələni əsirgəmir.
Onu da deyək ki, 25 illik bir fəaliyyət müddəti heç də az vaxt deyil. Keçən bu illər ərzində ARDNF-in fəaliyyətini geniş təhlil etdikdə, aydın olur ki, qurum çox çətinliklərlə üzləşib, qarşı-qarşıya qalıb, yəni hər şey asanlıqla, tez bir zamanda başa gəlməyib. Lakin bütün bu çətinliklərə baxmayaraq, Fond yarandığı dövrdən ölkə iqtisadiyyatına böyük töhfələr verib. Ulu öndərimiz, ümummilli liderimiz, uzaqgörən siyasəti ilə respublikamızı iqtisadi böhranın cəngindən qoparıb, aydın səhərlərə qovuşduran Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ARDNF ölkəmizin hər sahəsinin inkişafına təkan verir, yeni-yeni layihələrin maliyyələşdirilməsini reallaşdırır, həyata keçirir.
Bu gün tam əminliklə deyə bilərik ki, yarandığı gündən bugünədək saysız-hesabsız uğurları ilə ölkə iqtisadiyyatının dirçəlməsi istiqamətində böyük əmək sərf etmiş dövlət əhəmiyyətli bu qurum – Azərbaycan Dövlət Neft Fondu bundan sonra da hər bir vətəndaşımızın, insanımızın gün-güzəranının yaxşılaşması, xalqımızın sosial-iqtisadi rifahının güclənməsi, daima irəliləyişi naminə həmişə olduğu kimi, bundan sonra da var qüvvəsi ilə çalışacaq, daha yeni, mükəmməl təcrübələrdən yararlanaraq uğurun, müvəffəqiyyətin zirvə nöqtəsini Azərbaycanımıza daşıyacaq. Və bu, onun ən əsas strateji hədəfi olacaq. Bu işdə Fondun rəhbərliyinə, bütün əməkdaşlarına yeni-yeni, sonsuz nailiyyətlər, dünyamiqyaslı uğurlar arzulayırıq.
Yazı “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə“Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”.
Zaur Mirzə-zadə
XALQ.AZ xəbər portalının Baş redaktoru