Nəsib Məhəməliyev: “Azərbaycan balanslaşdırmış uğurlu siyasət həyata keçirir”
Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər, yeni siyasi və iqtisadi reallıqlar fonunda Azərbaycanın rolu və mövqeyi daha çox diqqət mərkəzinə çevrilib. Qlobal güclər arasında artan rəqabət, regional münaqişələr və iqtisadi qeyri-müəyyənliklər fonunda ölkəmizin həyata keçirdiyi siyasət, xüsusilə balanslaşdırılmış xarici kurs və iqtisadi dayanıqlılıq məsələləri aktuallığını qoruyur.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev bu və digər mühüm mövzularla bağlı Gundelik.az xəbər portalına müsahibə verərək Azərbaycanın yeni dünya nizamındakı rolunu, geosiyasi balans siyasətini və qlobal iqtisadi risklərə qarşı mümkün addımları şərh edib.
Dünyada formalaşan yeni siyasi nizamda Azərbaycanın rolu necə dəyişir?
– Yeni dünya nizamının formalaşmasında Azərbaycan əhəmiyyətli rol oynayır. Ümumilikdə, dünyada gedən proseslərin fonunda ölkəmizin rolunun getdikcə artdığını müşahidə edirik. Konkret olaraq, Prezident İlham Əliyevin bir-birinə zidd siyasət aparan Vaşinqton, Pekin, Brüssel və digər paytaxtlara etdiyi səfərləri misal göstərmək olar. Bu səfərlər zamanı cənab Prezident ən yüksək səviyyədə qəbul olunub, Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı dövlət, etibarlı tərəfdaş və güclü ölkə olduğu dəfələrlə vurğulanıb.
Etiraf etməliyik ki, hazırda yaranmış vəziyyətin kökündə 44 günlük müharibədə əldə olunmuş tarixi Zəfər və ondan sonra ölkəmizin yaratdığı yeni reallıqlar dayanır.
Azərbaycanın əhəmiyyətini artıran digər mühüm amil isə Rusiya–Ukrayna, ABŞ–İsrail–İran qarşıdurmaları və ümumilikdə Yaxın Şərqdə baş verən proseslərdir. Ənənəvi olaraq Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizləri demək olar ki, tam gücü ilə fəaliyyət göstərmir. Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz yol isə Azərbaycandan keçir. Ermənistanla sülh müqaviləsinin imzalanması, iqtisadi əməkdaşlıq və Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam etdirilir.
Böyük güclər arasında artan gərginlik fonunda Azərbaycan balans siyasətini necə qoruyur?
– Yerləşdiyimiz coğrafiya – Cənubi Qafqaz – əsrlər boyu qlobal geosiyasi güclərin toqquşduğu və rəqabət apardığı məkan olub. Tarixi İpək yolunun Azərbaycandan keçməsi, XIX əsrin ortalarından etibarən bölgənin təbii sərvətləri uğrunda mübarizə bu ərazini daim diqqət mərkəzində saxlayıb.
Xüsusilə şimaldan və cənubdan imperiyaların təzyiqləri Azərbaycanın inkişafına uzun illər mane olub. Lakin bu gün Azərbaycan artıq işğal altında olan, zəif dövlət deyil. Real müharibədə qalib gəlmiş, iqtisadi cəhətdən inkişaf etmiş, güclü orduya malik və beynəlxalq aləmdə söz sahibi olan dövlətdir.
Ölkəmizin formalaşdırdığı təhlükəsizlik kəməri Vətən müharibəsində özünü doğrultdu və istənilən neqativ təsirlərin, hətta böyük güclərin təzyiqlərinin belə neytrallaşdırılmasına imkan verir.
Bu siyasətin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış xarici siyasət dayanır. Biz bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlər qurmuşuq və heç bir dövlətə öz ərazimizdən digər ölkələrə qarşı istifadə imkanı vermirik. Məhz buna görə də balans qorunur və Azərbaycanın milli maraqlarına hörmət edilir.
Qlobal iqtisadi böhran ehtimalları Azərbaycana necə təsir edə bilər?
– Qlobal iqtisadi böhran, ölçüsündən asılı olmayaraq, bütün ölkələrə mənfi təsir göstərir. Planet əhalisinin sürətlə artması, iqlim dəyişikliyi, quraqlıq, səhralaşma, su və ərzaq çatışmazlığı, müharibələr, proteksionizm siyasəti və təbii resursların qeyri-bərabər bölüşdürülməsi kimi amillər bu böhranı şərtləndirir.
Azərbaycan da qlobal iqtisadiyyatın bir hissəsidir və bir çox ölkələrlə ticarət əlaqələri mövcuddur. Eyni zamanda bəzi sahələrdə idxaldan asılılıq qalmaqdadır. Buna görə də dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar – inflyasiya, süni qiymət artımı və digər hallar – daxili bazara da təsirsiz ötüşmür.
Böhranın təsirini minimuma endirmək üçün hökumət tərəfindən təxirəsalınmaz anti-böhran tədbirləri hazırlanmalıdır. İlk növbədə, ərzaq və gündəlik tələbat malları üzrə idxaldan asılılıq azaldılmalı, aqrar sektorun inkişafı stimullaşdırılmalıdır. Fermerlərə istehsal etdikləri məhsulun itkiyə getməyəcəyi ilə bağlı təminat verilməlidir.
Bununla yanaşı, dövlət sifarişlərində yerli istehsalçılara üstünlük verilməli, kiçik və orta sahibkarlığın inkişafına mane olan amillər aradan qaldırılmalı və bu sahəyə dəstək daha da gücləndirilməlidir.










