Nəsimi rayonunda “EVEREST-2022” MMC ilə tender oyunları
Nəsimi Mənzil Kommunal Təsərrüfat Birliyi “köhnə tanışı” ilə yenidən anlaşdı.
Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) daha bir tenderə yekun vurub. XALQ xəbər verir ki, sözügedən qurum “köhnə tanışı” ilə müxtəlif malların satın alınması məsələsində anlaşıb.
Belə ki, “EVEREST-2022” MMC MKTB-yə 152 min 84 manatlıq müxtılif mallarla təchiz edəcək.
Qeyd edək ki, Nəsimi MKTB son bir ildə “Everest-2022” MMC ilə daha iki dəfə tender məsələsində razılığa gəlib. Belə ki, ötən ilin avqustunda şirkət MKTB üçün həyətyanı sahələrdə quraşdırılacaq idman-əyləncə qurğularını və məişət tullantı qutularını satın alıb. Bunun müqabilində isə 276 min 127 manatlıq müqavilə imzalayıb.
MKTB yenə həmin ilin yayında “Everest-2022” MMC ilə avtomobil ehtiyat hissələrinin satın alınması məsələsində anlaşıb. Bu razılaşma isə Nəsimi İcra Hakimiyyətinin tabeliyində olan quruma 11 min 33 manata başa gəlib.
Nəzərinizə çatdıraq ki, sözügedən tərəflər arasında tender razılaşmaları bundan öncəki illərdə də qeydə alınıb.
Nəzərinizə çatdıraq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.
Qarşı tərəfi də dinləməyə hazırıq.