media-nizamiii

Oktyabrın 17-da  Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov  qanun layihəsi barədə məlumatı diqqətə çatdırıb. O, layihənin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edildiyini söyləyib. Qeyd edib ki, layihə məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Sənəddə “Hakimlərin xidməti vəsiqəsi haqqında” Qanunun və həmin Qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğv edilməsi təklif olunur.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Tənzilə Rüstəmxanlı öz fikir və qeydlərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov məsələ barədə fikirlərini açıqlayaraq, bildirib ki, bu qanun layihəsinin qəbulu ölkəmizdə ədalət mühakiməsinin təkmilləşdirilməsinə və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə mühüm töhfə verəcək.

Çingiz Əsgərov, habelə bu günlərdə Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının keçirildiyini, ölkə Prezidentinin iclas iştirakçılarına müraciət ünvanladığını, habelə  tədbir iştirakçılarının Milli Məclisin sədri ilə görüşünün keçirildiyini deyib, bununla bağlı minnətdarlığını ifadə edib. O, bütün bunların Azərbaycanda hakimiyyət qolları arasında qarşılıqlı əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. Bildirilib ki, sənəd ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub. Layihə dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsini nəzərdə tutur.

Belə ki, Qanunun 28.12-ci maddəsinin ikinci hissəsindən “(müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla)” sözləri çıxarılır və həmin hissəyə birinci halda “vəzifələrə” sözündən sonra “(yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla)” sözləri əlavə edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


media-728x90banner

Bənzər xəbərlər