Növbəti ilin dövlət büdcəsi
Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Büdcə layihəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Hesablama Palatasına rəy verilməsi üçün göndərilib və rəy alındıqdan sonra Milli Məclisdə müzakirə ediləcək.
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Gələn il üçün gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır. Bu, büdcənin neft amilindən asılılığının azalmasına gətirib çıxaracaq.
Büdcə gəlirlərinin 57,4 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq. Vergilərin isə 78,7 faizi qeyri-neft sektorundan toplanacaq. Xərclər 41 milyard 703,6 milyon manat səviyyəsində müəyyən olunub.
Büdcə xərcləri Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritetlərə uyğun olaraq müdafiə qabiliyyətinin artırılması, əhalinin sosial müdafiəsi, sahibkarlığın dəstəklənməsi və investisiya layihələrinin reallaşdırılmasına yönəldilib.
Qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88,1 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəlki ildən 7,1 faiz çoxdur. Dövlət büdcəsinin kəsiri 3 milyard 94,6 milyon manat və ya ÜDM-in 2,3 faizi həcmində olacaq.
Dövlət Neft Fondundan transfertlər isə cari illə müqayisədə 1 milyard 646 milyon manat az nəzərdə tutulub. Bu, neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyatlarının qorunması istiqamətində atılan addımların göstəricisidir.
İcmal büdcənin gəlirləri 44 milyard 969,4 milyon manat, xərcləri isə 48 milyard 839,3 milyon manat səviyyəsində planlaşdırılıb. Kəsir 3 milyard 870 milyon manat olacaq.
2026-cı ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 faiz proqnozlaşdırılır. Müqayisə üçün, bu göstərici 2023-cü ildə 43,9 faiz, 2024-cü ildə 52,4 faiz, 2025-ci ildə isə 58,4 faiz olub.
Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsi qeyri-neft gəlirlərinin sabit artımı, fiskal dayanıqlığın təmin olunması və sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsini hədəfləyir.