media-novruz

Milli Məclisin deputatı Novruzəli Aslanov  verdiyi açıqlamasında bildirib ki, 1991–1993-cü illərdə ölkəyə rəhbərlik edən qüvvələr dövlət müstəqilliyimizin qarşısına çıxan təhlükələri doğru-düzgün qiymətləndirməkdə aciz idilər. Onların məsuliyyətsizliyi nəticəsində həm siyasi hakimiyyət nüfuzunu itirir, həm də ölkə vətəndaş qarşıdurması ilə üz-üzə qalırdı. Nəticədə, Azərbaycan dövlətçiliyi ciddi təhdid altına düşmüş, 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi astanasına gəlmişdi. Deputatın sözlərinə görə, məhz belə bir həssas dövrdə xalqın ümid yeri yalnız Ulu Öndər Heydər Əliyev idi: “Hələ 1992-ci ildə sonradan adları tarixə “91-lər” kimi düşən, mütərəqqi fikirli ziyalılardan ibarət bir qrup ölkədə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışını vacib sayaraq ona müraciət etmişdi. Çox keçmədən bu çağırış təkcə ziyalıların deyil, həm də geniş xalq kütlələrinin ümumi tələbinə çevrildi. Çıxılmaz vəziyyətdə qalan o dövrkü iqtidar da nəhayət, Heydər Əliyevdən yardım istəməli oldu. 1993-cü il iyunun 9-da Bakıya gələn Ulu Öndər dövlətin xilası missiyasını öz üzərinə götürdü. Bu məqsədlə Ulu Öndər Heydər Əliyev ilk olaraq Gəncəyə yollandı və silahlı qiyamın qarşısını aldı. Bununla ölkə vətəndaş müharibəsindən xilas oldu. İyunun 15-də isə xalqın təkidli tələbi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.”

Daha sonra N.Aslanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin cəsarətli qərarları və qətiyyətli mövqeyi Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas etdi. Yalnız Prezident səlahiyyətləri Ulu Öndər Heydər Əliyevə həvalə olunduqdan sonra ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və milli maraqlara uyğun siyasət yürütmək mümkün oldu: “Ulu Öndər Ali Sovetin sədri seçildikdən sonra xalq qarşısında çıxış edərək böhrandan çıxış yollarını göstərdi, həm daxili, həm də xarici siyasətin prioritetlərini müəyyənləşdirdi. İlk dövrlərdə vəziyyət həssas olsa da, qısa müddətdə ölkədə sabitlik bərqərar oldu. Bu zaman ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul edildi, qanunvericilikdə zəruri dəyişikliklər aparıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafını təmin etmək üçün dünya təcrübəsində sınaqdan çıxmış uğurlu modelləri ölkə reallıqlarına uyğunlaşdıraraq tətbiq etdi. Bu məqsədlə 1993-cü ildən başlanmış islahatların əsasında demokratik prinsiplər dayanırdı. Məhz həmin islahatların nəticəsidir ki, Azərbaycan artıq 34 ildir həqiqi mənada müstəqil dövlət kimi mövcuddur. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri isə ölkəmizi müstəqil gələcəyə yönəldən dönüş nöqtəsi oldu. Azərbaycan xalqı düzgün seçim edərək Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçməklə bu günkü güclü və müasir Azərbaycan dövlətinin təməlini atdı. Qısa zamanda dövlət quruculuğunun əsasları yaradıldı, Konstitusiya qəbul olundu, milli ideologiyanın mərkəzində duran azərbaycançılıq məfkurəsi formalaşdırıldı.”

Açıqlamasının sonunda Novruzəli Aslanov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun 2003-cü ildən etibarən cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi inkişafda, ordu quruculuğunda və beynəlxalq münasibətlərdə mühüm nailiyyətlər əldə edib: “Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə də məhz bu siyasi xəttin ən böyük təntənəsi oldu. Nəticədə torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə təmin edildi. Bu gün cənab Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, bərabərhüquqlu tərəfdaş kimi qəbul olunan bir ölkəyə çevrilib. Bu, müstəqilliyimizin ən mühüm dayaqlarından biridir” – deyə, deputat fikirlərini tamamlayıb.


media-728x90banner

Bənzər xəbərlər