featured-image-43062
59
Sənədləri qaydasında olmayan restorana əl qoyulur
Xəbər verildiyi kimi sentyabr ayının 2-də Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oazis” restoranında müştərilərlə restoranın işçiləri arasında ağır xəsarətlərlə nəticələnmiş qalmaqal baş vermişdi. Bu xüsusda yayımlanmış məlumatlarda bildirilirdi ki, baş vermiş olayda əsas zərərçəkən şəxs, vətəndaş Zaur Əsgərov övladının 3 yaşını qeyd etmək üçün “Oazis”də 15 nəfərlik yer götürmüşdü. Qonaqların 8-i kişi, 7-si isə qadın olub. Qonaqlar rəqs edən zaman mühafizəçilərdən biri onlara yersiz iradlar tutmağa başlayıb. Bu barədə verdiyi açıqlamasında Z.Əsgərov həmin məqamı belə təsvir edtmişdi: “Mühafizəçi mənə dedi ki, “get yoldaşına de, yaxasını bağlasın”. Bu söz mənə pis təsir etdi və cavabını verdim. Bu vaxt mühafizəçilər töküldü üstümə. Təsəvvür edin aşpazlar, ofisiantlar, hətta restoranın “hacı” ləqəbli sahibi də bizi döyməyə başladı. Şəxsən “hacı” başıma boşqab vurdu. İndi mən xəstəxanadayam, ayaqlarımı sındırıblar. Qonaqlarımdan Emil Tumasovun təkcə üzünə 50 tikiş vurulub. Məndən başqa ağır yaralanan dostlarım və bütün qohumlarımız hazırda Binəqədi rayon Polis bölməsindədir. Biz 7 kişi 50-60 nəfəri necə döyə bilərik?” Hadisədən bir neçə gün sonra mətbuata qaimaqalın təfərrüatları barədə yeni məlumatlar daxil olmağa başladı. Həmin məlumatlarda daha çox Z.Əsgərovun dostu və hadisənin iştirakçısı olan Vasif Şəfiyevin dediklərinə istinad olunurdu: “Əslində bütün hadisə restoran mühafizəçilərinin tərbiyəsizliyindən sonra başlanıb. İlk dəfə zalda oynayanda mühafizəçi mənimlə Emilə yaxınlaşdı. Dedi ki, bura sizin üçün  – çox əxlaqsız bir ifadə işlətdi – deyil. Biz də dedik ki, bilirik, ailəmizlə gəldiyimizi dedik. Ondan sonra əl-üzümüzü yumaq üçün getdik. Qayıdandan sonra bizim Zaur Əsgərovla iki mühafizəçinin çölə çıxdığını gördük. Çöl qapısının yanında söhbətləşməyə başladılar. Zaur onlardan soruşdu ki, mənim qonaqlarımdan nə istəyirsiz, axı biz ailə ilə gəlmişik. Öyrəndik ki, Zaurgil bayıra çıxmazdan əvvəl içəridə də bəzi söhbətlər olub. Bütün ailə, Zaurun anası, digər qohumlar da bunu təsdiqləyə bilərlər. Hər şey qaydasında getdiyi bir vaxtda çöldə bir nəfər kənar adam çıxıb Emil Tumasova təhqiramiz bir söz dedi və yumruq atdı. Ondan sonra hər şey nəzarətdən çıxdı və Emilin qaşını partlatdılar…” Məlum olduğu kimi restoran rəhbərliyinin ilkin iddiasında qonaqların menyüdə içki olmamasına baxmayaraq, ofisiantdan içki istəməsi və davanın bu səbəbdən baş verməsi yer alırdı. Lakin sonradan bu iddialar kiminsə açıq yaxalı don geyinməsi və kiminsə qonşu masadakı xanımla rəqs etməsi kimi daha əsassız iddialarla əvəz olundu. V.Şəfiyevin bu məqamlara dair açıqlamaları da kifayət qədər maraqlıdır: “Biz içkini özümüzlə gətirmişdik. O boyda məclisdə cəmi iki ədəd yarım litrlik arağımız vardı. Biz onlardan niyə içki istəyək ki? Hacı adamdır, restoran açıb, içki vermir. Amma bunun əvəzində restoranda göbək rəqsinə qədər hər şey oynayırlar. Daha sonra deyirlər ki, guya biz hesabı ödəməmək üçün əvvəlcədən dava salmışıq. Bu, biabırçı bir iddiadır. Daha bir yalan da odur ki, içkili olduğumuz üçün dava salmışıq. Axı o saatda insan o qədər içkili ola bilməzdi. 8-ə 15 dəqiqə qalmış biz restoranda oturduq. 9-da narazılıq başladı. Biz orda ailə ilə idik. Nə qədər içsək də, o dərəcədə keflənə bilməzdik. Zaurun atası nəvəsi ilə oynayır, içəridə həbs olunan Ravid Zaurun anası ilə vals oynayırdı. Heç kəs onların dediyi kimi içkili deyildi”. Lakin bütün bu izahatlara baxmayaraq Baş Prokurorluğun yaydığı məlumata görə hadisə ilə bağlı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ittihamları ilə cinayət işi başlanmışdı. Abdullayev Ravid Yusif oğlu, restoranda mühafizəçi işləyən Məmmədov Camal Mahir oğlu və ofisiant Adıgözəlov Kənan Mehman oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdular.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilmişdi.Z.Əsgərovun atası Mahir Əsgərov isə mətbuata verdiyi açıqlamalarında hadisənin günahkarı kimi restoranın sahibi  Mirtalıb Seyidovu gördüyünü bildirib: “…orada mühafizəçilərin bir neçəsi içkili idi. Bunu polisdə də dedim, ərizəmi götürmədilər. Mən tələb etmişdim ki, bu insanlar yoxlanılsın.  Ərizəmin yerinə məndən izahat aldılar. Sonra mübahisə böyüdü. Onların bütün personalı, 60-70 insan birdən-birə davaya qoşuldular. Siz gərək orda o işçilərin bizə boşqab atmalarını görəydiz. Hacı Mirtalıb onlara yaxşı boşqab atmağı öyrədib. Daha sonra Hacı işçilərinə əmr verdi ki, qırın bunları. O, bunu deyəndə mən Hacının yanında idim. Ona dedim ki, Hacı, ayıbdır, bunları yığışdırın, siz müəssisənin müdirisiz. Onun bu əmrindən sonra aşpazlar da əllərində şişlərlə bayıra çıxdılar. Bir də ki, 102-yə məlumatı mən verdim, onlar yox.  Hacı insanlarla pulla danışır. Deyir, mənim pulum-varım var. Mən Azərbaycan vətəndaşıyam, dövlətimə də inanıram. İmkanım da zəif olsa, özüm də fəhlə insan olsam, dövlətimə inanıram. Hacının dediyi pul bu dövlətdə keçməyəcək. Hacı bilməlidir ki, biz də insanıq. Biz balamızı qanın içində gördük…”Bütün bunlara rəğmən son yayımlanan məlumatlarda tərəflərin barışığa gəlmələri qeyd olunur. Bildirilir ki, sentyabr ayının 8-də “Oazis”in həbs edilən 3 əməkdaşı  istintaqın yekunlaşması ilə azadlığa buraxılıblar. Hadisə nəticəsində həbs edilən Ravid Abdullayev isə sentyabrın 9-da məhkəmədən azadlığa buraxılıb.Qəzetimiz çapa gedərkən belə bir məlumat aldıq ki, bu hadisələrdən sonra “Oazis”in sökülməsi məsələsi yenidən gündəmə gəlib. Onsuz da sənədləri qaydasında olmayan restoran adını çəkmək istəmədiyimiz bir oliqarx tərəfindən hələ bir neçə il bundan əvvəl sökülmək təhlükəsiylə üzləşmişdi. Məlumat redaksiyamıza gec daxil olduğundan daha ətraflı növbəti sayımızda söhbət açacağıq.Bizimdovr.az


media-728x90banner

Bənzər xəbərlər