media-mehrr

Azərbaycan qadını tarixin bütün dönəmlərində təkcə ailə və məişət çərçivəsi ilə məhdudlaşmayıb, cəmiyyətin fəal iştirakçısı kimi ən çətin zamanlarda belə kişilərlə çiyin-çiyinə dayanaraq xalqımızın tərəqqisinə töhfə verib, milli varlığımızın qorunmasında misilsiz rol oynayıb. Azərbaycan qadını diplomat, sərkərdə və alim kimi dünyada sözünü deməklə xalqımızın nüfuzunu yüksəltmiş və fəaliyyəti ilə örnək olmuşdur. Qadınlarımız sadəcə qəhrəman övladlar yetişdirməklə kifayətlənməmiş, özü də qəhrəman kimi tarixə adını yazdırıb. Çoxəsrlik şərəfli tariximizdə belə parlaq nümunələr çoxdur.

Şübhəsiz ki, bu gün ölkəmizdə qadın hərəkatının önündə dayanan, ictimai-siyasi həyatımızın nüfuzlu simalarından biri olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva təkcə zərif cinsin nümayəndələrinə yeni ictimai məzmun verməklə kifayətlənmədi, eyni zamanda Azərbaycan qadınını dünyaya müasir, intellektual, fəal və milli-mənəvi dəyərlərə bağlı bir obrazda təqdim etdi. Onun fəaliyyəti cəmiyyətimizdə qadınların rolunun daha da güclənməsinə, ölkəmizin beynəlxalq imicinin formalaşmasına mühüm töhfələr verdi.
Mehriban xanım yüksək amallar uğrunda mübarizədən qalib çıxmış, insanlığın qorunmasını həyat prinsipi seçmiş Azərbaycan qadınının mükəmməl nümunəsidir.

İllərdir çoxkonfessiyalı milli mədəniyyətimizin qorumasına varlığı ilə çalışır, onu dünyaya tanıdır, yaşadır və gələcək nəsillərə ötürür. Həyat eşqimizə harmoniya qatan, xalqımızın çoxəsrlik həyat tərzinin nişanəsi olan milli muğamımızı beynəlxalq səhnələrə çıxaran Mehriban xanım bu ecazkar sənət incisinin dünyada sevilməsinə və tanınmasına böyük töhfə verib. Mehriban xanım mədəniyyətimizi uğurla dünya miqyasına çıxarmaqla diqqəti təkcə incəsənətimizə deyil, minilliklərə söykənən keşməkeşli tariximizin də təbliğinə yönəltmiş, onun yorulmaz təbliğatçısına çevrilmişdir. Bu fövqəladə fəaliyyətin nəticəsi olaraq  tanınan da, tanıdan da Azərbaycan olub.
Mehriban xanım ictimai xadim və ana olaraq şəfqət mələyi kimi illərdir sağlamlığımızın keşiyində dayanaraq ona sığınan xəstələrin ən çətin və mürəkkəb əməliyyatlarını icra etdirməklə birinci növbədə Azərbaycan həkiminə etimad qazandırdı. Saysız-hesabsız ailəyə xoşbəxt sonluqlar bəxş etdiyi üçün ocaqlardan yüksələn dualar onun üçün edildi, ən ağır xəstələrin son ümidi oldu. Mehriban xanım ona müraciət edənlərin çağırışına sevgi ilə cavab verdi. “Bir nəfər hamı üçün” prinsipi ilə çalışan Mehriban xanım üstün keyfiyyətləri və humanizm aksiyaları ilə fenomen oldu, ən əziz və ən doğma insan kimi sevildi.

Mehriban Əliyeva humanizm prinsiplərini həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviq etməklə önəmli mövqe qazanan ictimai-siyasi xadim kimi üstün mövqedədir.

Bəşəri duyğuları və insan sevgisini daim fəaliyyəti ilə nümayiş etdirən  Mehriban xanım Əliyeva Azərbaycanın hüdudlarına sığmayan bir dəyərdir. Adı, imzası və fəaliyyəti dünyanın müxtəlif guşələrində ehtiramla anılır. Bu, hər birimiz üçün böyük qürur mənbəyidir, onun ölkəmizin adına nüfuz gətirən fəaliyyəti bizi sevindirir.

Kainatı mərhəmət və sevgi xilas edəcək, bəşəriyyətin nicatı məhz bu ali dəyərlərdədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva illərdir Tanrı qatında bəyənilən, insanlıq naminə görülən xeyirxah əməlləri ilə bəşər övladına kamil insan kimi xidmət edir. Məhz Mehriban xanımın məramı insan üçün yaşamaq, insanlıq üçün yaratmaqdır. Onun birbaşa diqqəti, tapşırığı və qayğısı nəticəsində ölkəmizdə çoxsaylı xəstə soydaşımız mürəkkəb açıq ürək əməliyyatı olunmuş və bu gün sağlam həyatlarını davam etdirirlər. Talasemiya və qan xərçəngi kimi ağır xəstəliklərdən əziyyət çəkən insanlara yardım etməkdə Mehriban xanım böyük fədakarlıq göstərir. O, bu xəstələri sadəcə görmür, onların ağrılarını hiss edir, dərdlərini qəlbindən keçirir. Çünki Mehriban xanım bu xalqın övladıdır, bu torpağın insanıdır, onun qanı bizdəndir. Məhz buna görə insan acısını dərindən duyur. Elə buna görə xalq arasında  “qan çəkir!” deyilir.
Ona görə də Mehriban xanım humanizm ideyasının parlaq siması kimi təkcə ona sığınanların deyil, bütövlükdə xalqımız üçün obrazdan simvola çevrilmiş bir fenomendir.

O, cəmiyyət üçün son dərəcə faydalı bir ziyalı ailəsində dünyaya gəlmiş və həmin mühitdə böyümüşdü. Xalqa və insanlığa sevgi ilə yazılmış “Bir gəncin manifesti”-nin tərbiyəvi ruhu, mənəvi təsiri ilə formalaşaraq bu gün bütövlükdə humanizm və mükəmməllik manifestini yazan şəxsiyyət kimi yüksək məqama ucaldı.

Məhz bu ali insani keyfiyyətlərinə görə zaman keçsə də, nəsillər bir-birini əvəz etsə də Mehriban xanıma olan sevgi heç vaxt dəyişmir. Mehriban xanım humanizmin və xeyirxahlığın simvolu kimi  insanların yaddaşında silinməz iz buraxıb. O, sonsuz mərhəməti və xoş əməlləri ilə qəlblərdə, dualarda, xatirələrdə canlanır. Bu sevgi artıq təkcə bir insanın ünvanına yönəlmiş hiss deyil, insanlıq dəyərlərinə olan ehtiramın ifadəsidir. Bu sevgi zamanın fövqündədir və əbədi olaraq yaşayacaq.

Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim


media-728x90banner

Bənzər xəbərlər