Ölkələr arasında mənəvi körpülər möhkəmlənir
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun və Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərin həm də humanitar və mədəni müstəvidə yeni mərhələyə daxil olduğunu göstərir:
“Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gürcüstana dövlət səfəri Azərbaycan–Gürcüstan münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda humanitar və mədəni müstəvidə də yeni mərhələyə daxil olduğunu göstərən çox mühüm hadisədir. Tbilisidə keçirilən yüksək səviyyəli görüşlərdə Prezident İlham Əliyev bu səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyini bildirdi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bu yanaşma onu göstərir ki, Bakı ilə Tbilisi arasında münasibətlər artıq sadəcə qonşuluq münasibəti deyil, qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli tərəfdaşlığa söykənən sabit siyasi xəttdir.
Bu səfərin xüsusi önəmi ondadır ki, onun humanitar və mədəni məzmunu da olduqca güclü idi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət etməsi təsadüfi protokol addımı deyil, Gürcüstandakı Azərbaycan mədəni irsinə və soydaşlarımızın mənəvi yaddaşına verilən yüksək dəyərin ifadəsidir. Bu muzeyin tarixi də çox şey deyir: burada 1982-ci ildə ev-muzey yaradılıb, 1996-cı ildən sonra mədəniyyət mərkəzi kimi fəaliyyət genişlənib, 2007-ci ildə muzey statusu verilib, 2013-cü ildə isə Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyevin 2014-cü ildə bu muzeyi ziyarət etməsi də Azərbaycanın Gürcüstandakı milli-mədəni irsə uzunmüddətli və ardıcıl diqqətinin göstəricisidir.
Mehriban xanım Əliyevanın Gürcüstan Milli Muzeyində olması da böyük rəmzi və praktik əhəmiyyət daşıyır. Həmin ziyarət zamanı onun adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” kolleksiyasının hədiyyə edilməsi Azərbaycan mədəni diplomatiyasının olduqca zərif və təsirli nümunəsidir. Bu addım yalnız dostluq jesti deyil, eyni zamanda Azərbaycan xalçaçılıq sənətinin Gürcüstanın aparıcı muzey məkanında yeni təqdimat imkanları qazanması, gələcəkdə ortaq sərgilər, kurator əməkdaşlığı, elmi araşdırmalar və mədəni layihələr üçün yeni zəmin formalaşdırması deməkdir. Ümumilikdə, Azərbaycan–Gürcüstan mədəni əlaqələri bu gün kifayət qədər yüksək səviyyədədir və artıq bu münasibətlər üçün konkret institusional baza formalaşıb. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi bu gün yalnız tarixi irs məkanı kimi deyil, həm də kitabxana, qalereya, tədbir və konfransların keçirildiyi canlı mədəniyyət platforması kimi fəaliyyət göstərir. Bu isə göstərir ki, Azərbaycan ilə Gürcüstan arasında mədəni münasibətlər epizodik tədbirlərdən ibarət deyil, sistemli əməkdaşlıq xəttinə söykənir”.
Deputat hesab edir ki, bu səfərdən sonra iki ölkə arasında xüsusilə muzey işi, sərgi mübadiləsi, xalçaçılıq sənətinin beynəlxalq təqdimatı, irs nümunələrinin birgə tədqiqi, diaspor mədəniyyəti, təhsil və humanitar layihələr istiqamətində yeni təşəbbüslər ortaya çıxacaq:
“Çünki Prezident İlham Əliyev Azərbaycan–Gürcüstan münasibətlərində mədəni və humanitar sahəni hər zaman strateji tərəfdaşlığın mənəvi dayaqlarından biri kimi dəyərləndirib. Gürcüstandakı Azərbaycan mədəniyyət ocaqlarına göstərilən dövlət dəstəyi, bu sahədə uzun illər ərzində yaradılmış etimad mühiti, eləcə də bugünkü dövlət səfəri çərçivəsində mədəniyyətə verilən xüsusi diqqət bunu bir daha təsdiqləyir. Mehriban xanım Əliyevanın həm Axundzadə muzeyində, həm də Gürcüstan Milli Muzeyində olması göstərdi ki, Azərbaycan bu münasibətləri yalnız siyasi dialoq səviyyəsində deyil, mədəni yaddaş, ortaq irs və mənəvi yaxınlıq müstəvisində də ardıcıl şəkildə inkişaf etdirir. Məhz buna görə də bu səfər yalnız bugünkü münasibətlərin təsdiqi deyil, həm də gələcəkdə Azərbaycan ilə Gürcüstan arasında mənəvi körpülərin daha da möhkəmlənəcəyinin, ortaq mədəni layihələrin artacağının və humanitar inteqrasiyanın yeni məzmun qazanacağının mühüm göstəricisidir”.











