media-6

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli özbək ədibi, Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidin “Vaxt heykəli” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində tanınmış yazıçı-publisist, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Dostu” qızıl ordenini və beynəlxalq jurnalın Fəxri üzvlük sertifikatını Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyidə təqdim edib.
Emil Nəsirli bildirib ki, “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurası Siracəddin Seyyidi qeyd olunan mükafata Azərbaycan və Özbəkistan arasında dostluğun, qardaşlığın və qarşılıqlı həmrəyliyin möhkəmləndirilməsində xidmətlərinə görə layiq bilib və onu yekdil qərarla beynəlxalq jurnalın fəxri üzvlüyünə qəbul edib.
Yazıçı-publisist Emil Nəsirli çıxışında vurğulayıb ki, Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Sonda belə nəticəyə gəlmək olar ki, eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir.
Tədbirdə azərbaycan-özbək ədəbi əlaqələrindən söhbət açan Emil Nəsirli onu da vurğulayıb ki, müstəqillik dövrünün qarşılıqlı ədəbi-mədəni əlaqələrində müşahidə olunan özünəməxsus hadisələr, bir ədəbi simanın yaradıcılığında iki ədəbi mühit ənənələrinin sintezləşməsi və hər iki ölkədə yaşayan eyni etnik azlığın mədəni “körpü” rolunu oynayaraq iki xalqın ədəbi ənənələrini bir-birinə ötürməsi təkcə Azərbaycan-özbək ədəbi əlaqələrinin deyil, ümumən ədəbi-mədəni əlaqələrin yeni təzahür formaları kimi diqqəti cəlb edir. Bu isə ədəbi əlaqələrin nəzəri əsaslarının dərinləşdirilməsı və miqyasının genişləndirilməsi baxımından olduqca qiymətli və əhəmiyyətli material verir. Bu gün təqdimat mərasimi keçirilən Siracəddin Seyyidin “Vaxt heykəli” kitabı da iki ölkə arasında olan ədəbi əlaqələrin inkişafına yeni töhvədir.
Emil Nəsirli onu da qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixən mövcud olan əlaqələr möhkəm təməllər üzərində bundan sonra da inkişaf edəcək və zənginləşəcək.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli özbək ədibi, Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görüldüyünə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürünü bildirib.
Siracəddin Seyyid ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib ki, ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz azərbaycan ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təşkil olunan Siracəddin Seyyidin “Vaxt heykəli” kitabının təqdimat mərasimində görkəmli Azərbaycan ədibi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı Anar, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, tanınmış şair, tərcüməçi, Səlim Babullaoğlu, tanınmış yazıçı-publisist, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli, Ensiklopediya Nəşriyyatının direktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikrət Nağıyev və digər ictimai xadimlər, elm, təhsil, mədəniyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edənlər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da genişləndirildiyini bildiriblər. Həmçinin çağdaş dövrdə türk xalqları arasında mövcud olan ədəbi-mədəni əlaqələrin bu xalqların ortaq tarixi keçmişinə əsaslandığı, Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.

media-1media-2media-3media-5media-6media-7media-8media-1


media-728x90banner

Bənzər xəbərlər