Özünü “ədalət carçısı” kimi qələmə verən hər kəsin niyyəti təmiz olmur…..
Özünü “ədalət carçısı” kimi qələmə verən hər kəsin niyyəti təmiz olmur; bəzən ən səs-küylü çağırışların arxasında şəxsi maraq, sifarişli fəaliyyət və mənəvi aşınma dayanır…
Son zamanlar sosial media platformalarında və müxtəlif internet resurslarında müşahidə olunan məsuliyyətsiz çıxışlar, təhqirə söykənən paylaşımlar və qərəzli iddialar adi polemika çərçivəsini çoxdan aşmışdır. Məsələ artıq ayrı-ayrı şəxslər barədə deyil, Azərbaycan cəmiyyətində illər boyu formalaşmış sağlam mənəvi mühitə, ictimai etimada və dövlətçilik düşüncəsinə yönəlmiş təhlükəli meyillərdən gedir. Bu cür davranışların məqsədi ölkəmizdə bərqərar olmuş sabitliyi kölgə altına salmaq, xalqın qazandığı tarixi uğurları gözdən salmaq və milli həmrəylik ruhuna xələl gətirməkdir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bəzi dairələr Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunu, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində əldə edilən mühüm nəticələri qəbul edə bilmədikləri üçün yalan, şantaj və manipulyasiya vasitələrinə əl atırlar. Xaricdən yönəldilən, müxtəlif platformalarda tirajlanan və guya “azad söz” adı altında təqdim olunan bu kampaniyalar əslində siyasi qərəzin, mənəvi məsuliyyətsizliyin və milli maraqlara qarşı çıxışın açıq təzahürüdür.
Daha ciddi və qəbuledilməz hal isə böhtan xarakterli hücumların dövlət başçısının ailə üzvlərinə qədər uzanmasıdır. Bu, artıq təkcə etik sərhədlərin pozulması deyil, Azərbaycan dövlətinə, onun ali dəyərlərinə və müstəqillik idealına bağlı olan milyonlarla vətəndaşın mənəvi duyğularına qarşı yönəlmiş düşmən münasibətidir. Cəmiyyət belə halları fərdi məsələ kimi deyil, milli ləyaqətə toxunan təhlükəli meyil kimi qiymətləndirir.
Mediada yayılan məlumatlar göstərir ki, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının bu istiqamətdə apardığı araşdırmalar təsadüfi söz oyunlarının arxasında dayanan niyyətləri üzə çıxarmaqdadır. Bu da bir daha sübut edir ki, özünü “ədalət carçısı” kimi qələmə verən hər kəsin niyyəti təmiz olmur; bəzən ən səs-küylü çağırışların arxasında şəxsi maraq, sifarişli fəaliyyət və mənəvi aşınma dayanır. Bu mövzu ətrafında yayılan media materialları və sənədli təqdimatlar da ictimaiyyətin diqqətini məhz həmin təhlükəli məqamlara yönəldir.
Təəssüf doğuran başqa bir cəhət isə odur ki, sosial şəbəkə məkanında bəzi qruplar tanınmış ziyalıları, yaradıcı insanları, elm adamlarını və ictimai nüfuz sahiblərini hədəfə almağı sanki fəaliyyət üsuluna çeviriblər. Şayiə, böhtan, təhrif və ucuz sensasiya üzərində qurulan bu yanaşma söz azadlığı ilə deyil, məsuliyyətsizliyin normaya çevrilməsi ilə bağlıdır. Cəmiyyətin dəyər sütunlarını aşındırmağa xidmət edən belə meyllər nə yenilikdir, nə də cəsarət – bu, sadəcə mənəvi deqradasiyanın və ictimai zövqsüzlüyün təzahürüdür.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan cəmiyyətinin əsas dayaqları kifayət qədər möhkəmdir. Xalqımız yaxşı bilir ki, ölkəmizin bu gün qazandığı siyasi sabitlik, beynəlxalq nüfuz, milli birlik və inkişaf təsadüfən yaranmayıb. Bu yol düşünülmüş dövlət siyasətinin, qətiyyətli liderliyin və milli maraqların hər şeydən üstün tutulmasının nəticəsidir. Prezident İlham Əliyevin fəaliyyəti də məhz bu baxımdan Azərbaycan üçün etibarlı siyasi kurs, prinsipial mövqe və milli iradənin ifadəsi kimi qəbul olunur.
Heç bir qarayaxma kampaniyası, heç bir sifarişli informasiya hücumu xalqın öz dövlətinə, öz liderinə və milli-mənəvi dəyərlərinə bağlılığını sarsıda bilməz. Çünki Azərbaycan cəmiyyətində dövlətçilik anlayışı ötəri emosiyalara deyil, tarixi yaddaşa, milli ləyaqətə və gələcəyə inama söykənir. Məhz buna görə də böhtan ötüb keçəcək, həqiqət və milli mövqe isə qalacaq.
Ülviyyə Həmzəyeva
Millət vəkili










