media-et

Aparılan  gizli çəkilişlər zamanı Nərimanov rayonu ərazisində, “Azinko” binalarına yaxın yerləşən ət kəsimi məntəqəsində bir sıra ciddi qanun pozuntuları və sanitar-gigiyenik tələblərə zidd hallar müşahidə olunub.

Görüntülərdə aydın şəkildə görünür ki, kəsim məntəqəsində ət məhsulları açıq havada, toz və çirkə məruz qalan şəraitdə saxlanılır. Obyektin hər iki tərəfində olan iri giriş qapılarının eyni anda açıq saxlanılması isə gigiyenik təhlükəni daha da artırır.

Əməkdaşlarımızın müşahidələrinə əsasən, məntəqədə “mal əti” adı altında satılan məhsulların qabırğa və qol hissəsi 10 manat, bud hissəsi isə 11 manat 50 qəpik qiymətinə təklif olunur. Obyektdə müştəriləri qarşılayan şəxsin “Dönər üçün alırsınız?” sualı isə ucuz dönərxanalarda istifadə edilən ətlərin məhz bu kimi yerlərdən əldə edilməsi şübhəsini gücləndirir.

Diqqətçəkən başqa bir məqam isə budur ki, alıcı kimi yaxınlaşdığımız zaman bizə “Əgər ət götürsəniz, əlavə 5 manat “həkim pulu” ödəməlisiniz” deyilib. Bu ifadə həm rəsmi nəzarət mexanizmlərinin formallığını, həm də ət dövriyyəsində mövcud olan “kölgə prosedurlarını” açıq şəkildə göstərir.

Çəkiliş zamanı kəsimxanada dişi camış və camış balasının kəsildiyi də kameraya düşüb.

Sual doğuran məqamlar

Patrul.az olaraq soruşuruq:

Görəsən, qəssabxanalarda ətlərin saxlanma qaydasında “xırda səhv” axtaran aidiyyəti qurumlar, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi (AQTA), şəhərin mərkəzində, Nərimanov rayonunun göbəyində fəaliyyət göstərən bu kimi obyektləri görmürmü?

Əgər media nümayəndələrinin iştirakı ilə “nümayiş xarakterli” reydlər təşkil edilirsə, bəs bu boyda açıq qanun pozuntularının baş verdiyi yerlərdə niyə səssizlik hökm sürür?

Qida təhlükəsizliyi təkcə sənəd yoxlaması deyil, ictimai məsuliyyət məsələsidir. Bu cür hallar göstərir ki, bəzi ət kəsimi məntəqələri ya qeyri-rəsmi himayə altındadır, ya da mövcud nəzarət mexanizmi real işləmir.

Məsələ ilə bağlı AQTA-nın mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər