Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yüksələn xətlə inkişaf edərək, bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Cənab İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları həyatımıza yeni nəfəs gətirib.
Deputatlığa namizəd Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını bildirib. O, Ümummili Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri olduğunu deyib: “YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini əzmlə nümayiş etdirir”.
Görüş iştirakçıları Elçin Axundov, Ramil Qasımov, Kənan Qurbanov və digərləri çıxış edərək seçiciləri parlaq gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Pərvin Kərimzadə seçicilərlə fərdi görüşlər də keçirib.














