Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb.

XALQ.AZ xəbər verir ki, dövlətimizin başçısı deyib:

“Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib:

“Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır.   Bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib:

“Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır.

Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk Qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”.


media-728x90banner

Bənzər xəbərlər